Aqrar sahənin hüquqi təminatı təkmilləşdiriləcək

post-img

İyunun 11-də Milli Məclisdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ulu öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafında xüsusi rolunu vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm dövlət proqramları, layihələr, imzalanan fərman və sərəncamlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlər aqrar sektorun daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bildirilib ki, dövlətimizin başçısı bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu barədə ətraflı söz açaraq, əldə olunan uğurlara, həmçinin çatışmazlıqlara, qarşıda duran vəzifələrə münasibətini bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahənin Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biri olduğunu qeyd edib. Nazir Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirədə yeni proqramın hazırlanmasının zəruriliyinin vurğulandığını söyləyib.

Məcnun Məmmədov Dövlət Proqramının önəmindən danışaraq, sənədə əsasən, müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılmasının, qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Aqrar sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülməli işlərdən bəhs edən nazir kənd təsərrüfatı fəaliyyəti, məhsulu və istehsalçısı kimi əsas anlayışların təsbitinin, aqrar xidmətlər və dövlət dəstəyi mexanizmlərinin hüquqi əsaslarının formalaşdırılmasının, habelə aqrar terminologiyanın unifikasiyasının, iqlim dəyişikliklərinin, kənd yerlərinin inkişafı və dayanıqlı istehsal kimi müasir yanaşmaların qanunvericilikdə əks olunmasının vacibliyini diqqətə çatdırıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov çıxış edərək, sözügedən Dövlət Proqramını slaydlar vasitəsilə təqdim edib. O, son 10 il ərzində ölkədə kənd təsərrüfatının müxtəlif istiqamətlərində məhsulların istehsalında müşahidə edilən artım, infrastruktur və resurs bazası üzrə əldə edilən nailiyyətlər barədə məlumat verib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.

Məsələ ilə bağlı müzakirələrdə çıxış edənlər aqrar sahədə qarşıya qoyulan vəzifələrin, həyata keçiriləcək tədbirlərin vacibliyindən bəhs ediblər, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Sonda kənd təsərrüfatı naziri Məcnun Məmmədov qaldırılan məsələlərə münasibət bildirib.

XQ

Son xəbərlər