12 İyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

post-img

Uşaqlığın müdafiəsi bəşəriyyətin vicdan borcudur

Tarix boyu xalqlar böyük şəhərlər salıb, möhtəşəm abidələr ucaldıb, iqtisadi möcüzələr yaradıb. Lakin insanlığın ən böyük nailiyyəti nə daşdan tikilən saraylar, nə də texnologiyanın fəth etdiyi zirvələrdir. Bəşəriyyətin ən böyük uğuru uşaqların xoşbəxtliyi, onların təhlükəsiz və sağlam gələcəyidir. Çünki hər bir uşağın gülüşündə sabahın işığı, arzusunda gələcəyin konturları yaşayır. Uşaqlıq həyatın elə bir mərhələsidir ki, onu heç nə ilə əvəz etmək mümkün deyil. Bu dövrün əlindən alınması isə yalnız bir uşağın deyil, bütöv cəmiyyətin gələcəyinin əlindən alınması deməkdir. Məhz buna görə də uşaqların əməyə məcbur edilməsi dünyanın ən ağrılı sosial problemlərindən biri olaraq qalır və onun aradan qaldırılması beynəlxalq ictimaiyyətin prioritet vəzifələrindən hesab edilir.

Hər il iyunun 12-si bütün dünyada Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu gün 2002-ci ildə Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə təsis edilib və əsas məqsəd uşaq əməyinin qlobal miqyasda yaratdığı təhlükələrə diqqəti cəlb etmək, uşaqların hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq həmrəyliyi gücləndirməkdir. Günün təsis olunmasına Beynəlxalq Əmək Təşkilatının minimum əmək yaşı haqqında 138 saylı və uşaq əməyinin ən pis formalarının ləğvi haqqında 182 saylı konvensiyalarının həyata keçirilməsi istiqamətində qlobal səylər təkan verib. 

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına əsasən, 2026-cı ildə “Uşaq əməyinə qırmızı vərəqə göstər: Uşaqlar üçün ədalətli oyun, böyüklər üçün layiqli əmək” süarı ilə qeyd edilən bu gündə təşkilat uşaq əməyinin qarşısını alan və uşaqların bu prosesdən uzaqlaşdırılmasını təmin edən siyasətlərin gücləndirilməsinə çağırır. Bu siyasətlərə keyfiyyətli təhsil, universal sosial müdafiə, böyüklər üçün layiqli iş və adekvat dolanışıq imkanları, daha güclü qanunvericilik və icra mexanizmləri, daha yaxşı məlumat və monitorinq sistemləri, eləcə də kənd təsərrüfatı və təchizat zəncirlərində məsuliyyətli fəaliyyət daxildir.

Bu gün dünya miqyasında əldə olunan müəyyən irəliləyişlərə baxmayaraq, problem hələ də öz aktuallığını qoruyur. Beynəlxalq Əmək Təşkilatı və UNICEF-in son hesabatına əsasən, hazırda dünyada 138 milyon uşaq əmək fəaliyyətinə cəlb olunub. Onlardan təxminən 54 milyonu sağlamlığı, təhlükəsizliyi və inkişafı üçün ciddi risk yaradan işlərdə çalışır. Hesabatda qeyd olunur ki, son 25 ildə uşaq əməyinin miqyası təxminən iki dəfə azalsa da, dünya 2025-ci ilə qədər bu problemin aradan qaldırılması hədəfinə nail ola bilməyib. Ən çox uşaq əməyindən istifadə olunan sahə kənd təsərrüfatıdır və bu göstərici ümumi halların 60 faizindən çoxunu təşkil edir.

Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ölkəmiz BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Qanun qəbul edib, uşaq əməyinin və istismarının qarşısının alınması məqsədilə beynəlxalq standartlara uyğun hüquqi baza formalaşdırıb. Həyata keçirilən dövlət proqramları uşaqların təhsilə cəlb olunmasına, sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinə xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində ölkədə uşaqların rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Son illər ərzində təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsilin genişləndirilməsi, sosial həssas ailələrə dövlət dəstəyinin artırılması uşaqların hüquqlarının təmin olunmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilir. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan sosial proqramlar ailələrin rifahının yüksəlməsinə, yoxsulluğun azalmasına və bununla da uşaq əməyinin yaranmasına səbəb olan əsas risk faktorlarının aradan qaldırılmasına mühüm töhfə verir.

Bu siyasətin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi yer tutur. Onun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ölkənin təhsil tarixində mühüm mərhələ hesab olunur. Layihə çərçivəsində yüzlərlə məktəb tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, minlərlə şagird müasir təhsil şəraiti ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində onlarla internat məktəbi və uşaq evi əsaslı təmir olunmuş, burada yaşayan uşaqların sosial-məişət şəraiti

yaxşılaşdırılmışdır. Mehriban xanım Əliyeva tərəfindən məktəbəqədər təhsil müəssisələrinin inkişafına da xüsusi diqqət göstərilib. Fondun təşəbbüsü ilə aparılan monitorinqlər və layihələr nəticəsində yüzlərlə təhsil müəssisəsində yenidənqurma işləri həyata keçirilib. Birinci vitse-prezidentin xüsusi qayğısı sayəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya və sosial dəstək proqramları genişləndirilib.

Uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm rol oynayan qurumlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə tərəfindən uşaqların hüquqlarının qorunması, erkən nikahların, məişət zorakılığının, insan alverinin və digər mənfi halların qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Komitənin tabeliyində ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas ailələrə sosial, hüquqi və psixoloji xidmətlər göstərir. 

Azərbaycanın milli inkişaf strategiyasında uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil alması, sağlam böyüməsi və hüquqlarının etibarlı müdafiəsi əsas prioritetlər sırasında yer alır. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlar bu istiqamətdə sıx əməkdaşlıq edir, uşaqların əməyə məcbur edilməsinin qarşısının alınması üçün davamlı tədbirlər həyata keçirirlər.

Əslində, uşaq əməyinə qarşı mübarizə yalnız hüquqi məsələ deyil. Bu, həm də vicdan məsələsidir. Çünki əmək yükü altında əzilən hər bir uşaq əslində yarımçıq qalmış bir taledir. O, yazılmamış bir kitab, kəşf olunmamış bir istedad, həyata keçməmiş bir arzudur. Uşağın yeri istehsalat sahəsində deyil, məktəbdə, kitabların arasında, müəllimin yanında, ailəsinin qayğısı altında və arzularının qanad açdığı dünyadadır.

12 İyun – Uşaq Əməyinə Qarşı Mübarizə Günü bizə bir həqiqəti yenidən xatırladır: uşaqları qorumaq gələcəyi qorumaqdır. Dövlətlərin ən böyük sərvəti neft, qaz və ya maliyyə ehtiyatları deyil, sağlam, savadlı və xoşbəxt nəsildir. Bu gün uşaqların hüquqlarının müdafiəsi naminə görülən hər bir iş sabahın daha güclü, daha humanist və daha ədalətli cəmiyyətinin təməl daşıdır. Çünki gələcək məhz bu gün qoruduğumuz uşaqların əllərində formalaşacaq və həmin əllər əmək alətləri deyil, bilik, ümid və arzular daşımalıdır.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat