Son illər sağlam qidalanma və həyat tərzi ilə bağlı aparılan elmi araşdırmalar insan sağlamlığına mənfi təsir göstərən amillərin daha dəqiq müəyyənləşdirilməsinə imkan verir. Xüsusilə gündəlik qida rasionunda geniş istifadə olunan şəkərli içkilərin müxtəlif xəstəliklərlə əlaqəsi alimlərin diqqət mərkəzindədir. ABŞ-də aparılmış yeni tədqiqat isə bu içkilərin qaraciyər xərçəngi riskini artırdığını ortaya qoyub.
Əlavə şəkərli içkilərin müntəzəm istifadəsi qaraciyər xərçənginin iki əsas formasının - hepatosellyulyar karsinoma və bağırsaq içi xolangiokarsinomanın inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. «İzvestiya» xəbər verir ki, bu barədə «Medical Xpress» jurnalı ABŞ Milli Onkologiya İnstitutunun genişmiqyaslı tədqiqatın rəhbəri Kodi Uotlinqə istinadən məlumat yayıb.
Alimlər hesab edirlər ki, şəkərin həddindən artıq qəbulu qaraciyərdə piylənmə, maddələr mübadiləsinin pozulması və iltihabi proseslərin güclənməsi ilə nəticələnə bilər ki, bu da zamanla xərçəng riskini yüksəldən amillər sırasındadır.
Aparılan tədqiqatlarla müəyyən olunub ki, Hct-S3 birləşməsi seçici olaraq lipid membranlarında məsamələr yarada bilir. Toksin bu məsamələri lipid raftları adlanan hüceyrə qişasının xüsusi hissələrinə təsir sayəsində əmələ gətirir. Bu kəşf gələcəkdə antitümör terapiyasına prinsipial yeni yanaşmaların hazırlanması üçün elmi baza yaradır.
Mütəxəssislər sağlam həyat tərzinin qorunması, balanslı qidalanma və yüksək miqdarda şəkər ehtiva edən qazlı və digər şirinləşdirilmiş içkilərin müntəzəm istehlakının məhdudlaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayırlar. Onların fikrincə, təbii içkilərə, xüsusilə suya üstünlük verilməsi bir sıra ciddi xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.
Araşdırmanın nəticələri bir daha göstərir ki, gündəlik qida seçimləri insan sağlamlığına uzunmüddətli təsir göstərir. Bu baxımdan, şəkərli içkilərin istehlakının azaldılması və sağlam qidalanma vərdişlərinin formalaşdırılması qaraciyər xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin riskinin aşağı salınmasında mühüm rol oynaya bilər. Elmi araşdırmaların ortaya qoyduğu faktlar cəmiyyətin sağlam həyat tərzinə daha məsuliyyətlə yanaşmasının vacibliyini bir daha təsdiqləyir.
Nurəngiz Adilqızı
XQ

