Əsas hədəflərdən biri ərzaq təminatına və təhlükəsizliyinə töhfə verməkdir

post-img

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr keçirilir. Müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir. 

Regional müşavirələr çərçivəsində Dövlət Proqramının əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunur. 

Dövlət Proqramında 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.

XQ-yə mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Dövlət Proqramının əsas üstünlüyü ondan ibarətdir ki, burda hədəflər ölçüləbiləndir və konkret nəticələrin əldə edilməsi proqnozlaşdırılır və hədəflənir. Və bu da təbii ki, həmin hədəflərə nail olunması və eyni zamanda illər üzrə qiymətləndirilməsinə də imkan yaradır. O baxımdan ölçüləbilən hədəflərin təqdim olunması, illər üzrə qruplaşdırılması və 2030-cu il hədəflərinin ayrıca müəyyənləşdirilməsi proqramın icrasındakı həm reallığı, həm də dayanıqlığı daha da gücləndirəcək. Və xüsusən nəzərə almaq lazımdır ki, burda istehsalla yanaşı həm də ixrac və digər istiqamətlərdə dövlət dəstəyinin artırılması nəzərdə tutulur. Məsələn, kənd təsərrüfatı ixracatının 4 dəfə artırılaraq 6 milyard dollara çatdırılması əsas hədəflərdəndir və bunun üçün də təbii ki, istehsalla bağlı hədəflər var. 

V.Bayramov daha sonra qeyd etdi ki, əkin sahələrinin genişləndirilməsi, o cümlədən, müasir suvarma sistemindən istifadə ilə bağlı konkret hədəflər müəyyənləşib. Ona görə də proqram konkret hədəfləri müəyyənləşdirdiyi üçün o, bu proqramın əsasında təbii ki, həmin hədəflərə nail olunması daha real görsənir. Və eyni zamanda praktiki olaraq bu xüsusən dövlət qurumları üçün həmin hədəflərin reallaşması baxımından bəlli bir istiqamətləri müəyyənləşdirir. Hədəf və həmin hədəflərə uyğun olaraq proqramın reallaşması da, o cümlədən mövcud mexanizmin təkmilləşdirilməsi də əsas istiqamətlər siyahısındadır.

Aqrar sektorda bir çox vergi güzəştləri var. Belə ki, bu gün kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar və aqrar məhsulları yetişdirənlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Uzun müddətdir də aqrar sektorda bu güzəştlər tətbiq olunur. Təbii ki, bu istiqamətdə digər baxılmalı məqam birbaşa xüsusən də dəyər zəncirinə uyğun olaraq güzəştlərin hədəf dairəsinin genişləndirilməsidir. Burada daha çox qida və qida emalında güzəştlərin tətbiq edilməsindən gedir. Ona görə də bizim təklifimiz ondan ibarətdir ki, yalnız istehsal deyil, həm də dəyər zəncirinə uyğun olaraq güzəştlərin dairəsinin genişləndirilməsi və güzəşt mexanizminin təkmilləşdirilməsi həyata keçirilsin.

Kənd təsərrüfatı hazırda məşğulluğa ən çox töhfə verən sektordur. Bu gün məşğul əhalinin 37 faizi məhz aqrar sektorda çalışır. Bu baxımdan təbii ki, yeni proqramların icra edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi də məşğulluğa birbaşa təsir və məşğulluğun təmin edilməsinə pozitiv təsir göstərəcək. Bu göstərilən xüsusən də ixtisaslı kadrların qida sənayesində, yəni kənd təsərrüfatı ilə bağlı digər sənaye istehsal sahələrində işlə təmin olunmasına pozitiv təsir göstərəcək. O baxımdan kənd təsərrüfatı nə qədər inkişaf edirsə, dövlət proqramları nə qədər genişlənirsə, bu birmənalı şəkildə məşğulluğa və o cümlədən də ixtisaslı kadrların işlə təminatına pozitiv təsir göstərir.

Təbii ki, əsas hədəflərdən biri ərzaq təminatı və ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir. Çünki, əsas ərzaq təhlükəsizliyi vacibdir, ərzaq təminatı da olduqca əhəmiyyətlidir. Və ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından da yerli istehsalın payının artırılması və idxalın, idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var. Bu kontekstdən də yeni proqramların icra edilməsi yerli, istehlakda yerli istehsalın payının artmasına və idxalın minimallaşdırılmasına imkan verəcək. Bu da təbii ki, həm ölkədən valyuta getməsinin qarşısının alınması, həm də ərzaq təminatının yerli istehsal hesabına ödənilməsi baxımından vacibdir.

Aqrar sektorda çox vacib məqamlardan biri müasir, yəni innovativ suvarma sistemindən istifadə edlməsidir. Çünki belə suvarma sistemləri həm suya qənaət, həm də istehsalın artmasına səbəb olacaq. Bu baxımdan Dövlət Proqramı texnologiyanın və innovasiyanın cəlb edilməsinə imkan yaradacaq.

Müşfiq MİRZƏ

XQ

İqtisadiyyat