Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Turizm və Menecment Universitetində bakalavriat və magistratura səviyyələrində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. Universitetdə keçirilən “Açıq qapı” günü çərçivəsində cari imtahan sessiyasının gedişatı izlənilib.
“Açıq qapı” günündə ATMU-nun rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Zaur Bağırlı, təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı, fakültə dekanları Vüqar Nəzərov və Kənan Allahverdiyev, həmçinin İmtahan Qərargahının digər üzvləri iştirak ediblər.
İlk olaraq qonaqlara sessiyanın təşkili və gedişatı barədə məlumat verilib. Daha sonra ATMU-nun rektoru İlham Mədətov tələbələrə semestr imtahanlarında və təhsildə uğurlar arzulayıb. Rektor bildirib ki, sessiyanın gedişatına operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb, o cümlədən gün ərzində “Qaynar xətt” fəaliyyət göstərir.
İ.Mədətov İmtahan Qərargahına ünvanlanan hər bir müraciət və şikayətin cavablandırılacağını, qarşıya çıxan nöqsanların vaxtında aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, universitetdə bakalavriat və magistratura səviyyələrində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 1-dən başlayıb. Sessiya 5 həftə ərzində davam edəcək.İmtahanlar yazılı, şifahi, layihə təqdimatı, test və elektron yazılı formada təşkil olunur. Üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələr isə iyulun 10-dək imtahan vermək imkanı əldə edəcəklər.
İmtahan sessiyası Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 21 aprel 2026-cı il tarixli “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq təşkil olunur.
2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədilə ATMU-da yaradılmış İmtahan Qərargahına rektor İlham Mədətov sədrlik edir. Qərargahın tərkibinə prorektorlar, Milli Məclisin deputatları, valideynlər, QHT nümayəndələri və digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti daxildir.
Z.HÜSEYNOVA
XQ




