Bu ildən PKTU-BMU Mühəndislik fakültəsinə tələbə qəbulu aparılır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı Mühəndislik Universitetində (BMU) qlobal bilik və bacarıqlara yiyələnmək, beynəlxalq səviyyədə təhsil imkanlarından faydalanmaq və gələcəyin prioritet mühəndislik istiqamətləri üzrə peşəkar kompetensiyalar əldə etmək istəyən gənclər üçün yeni akademik imkan yaradılıb.  Universitetdə Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Pekin Kimya Texnologiya Universiteti ilə birgə PKTU-BMU Mühəndislik fakültəsi yaradılıb və bu ildən fakültəyə tələbə qəbulu həyata keçirələcək. 

Fakültənin əsas üstünlüklərindən biri beynəlxalq ikili diplom proqramıdır. Akademik tələbləri uğurla yerinə yetirən tələbələr təhsillərinin üç ilini Azərbaycanda, bir ilini isə Çində davam etdirərək həm BMU-nun, həm də PKTU-nun diplomlarını əldə etmək imkanı qazanacaqlar.

Fakültədə müasir dövrün və əmək bazarının tələblərinə uyğun olaraq kompüter elmləri, kimya, biotexnologiya, mexanika mühəndisliyi sahələri üzrə kadrlar hazırlanacaq.  

Fakültədə tədris prosesi hər iki universitetin yüksəkixtisaslı professor-müəllim heyətinin iştirakı ilə təşkil olunacaq. Tələbələrin birgə elmi tədqiqat layihələrində iştirakı, akademik mübadilə proqramlarından yararlanması, innovativ texnologiyalarla işləməsi və beynəlxalq elmi mühitdə peşəkar inkişafı üçün əlverişli imkanlar formalaşdırılacaq.

Yeni fakültənin yaradılması Azərbaycan və Çin arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələdir. Beynəlxalq təcrübəyə əsaslanan təhsil modeli, müasir proqramlar və ikili diplom imkanı tələbələrə yüksəkkeyfiyyətli mühəndislik təhsili almaq, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinə qoşulmaq, həmçinin qlobal akademik və peşəkar mühitdə təcrübə qazanmaq üçün geniş imkanlar yaradır. 

PKTU-BMU Mühəndislik fakültəsi rəqabətqabiliyyətli, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət etməklə yanaşı, gələcəyin texnologiyalarını mənimsəmək, beynəlxalq bilik və bacarıqlar əldə etmək istəyən gənclər üçün yeni perspektivlər açır.

Təhsil