Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Redaksiyamıza ünvanlanan oxucu məktublarında adətən vətəndaşlar məişət problemlərinin işıqlandırılması, neqativ halların aradan qaldırılması üçün müraciət edirlər. Vəzifə səhlənkarlığından sui-istifadə hallarının onların həyat tərzinə mənfi təsir etdiyini bildirirlər. Bəzi məktublarda isə ürəkaçan xəbərlərlə rastlaşırıq, oxuduqca insanların hər bir müraciətinə diqqətlə yanaşan səlahiyyət sahiblərinin əhalinin rahat yaşaması, sosial rifahına müsbət təsir edən işlər görməsi diqqət çəkir. Bütün problemlərin önündə insanın sağlamlığına diqqət daha önəmlidir, deyə düşünürük. Səhiyyə işçilərindən ara-sıra narazılıqlar olsa da haqqında söhbət açdığımız məktubda onların fədakar əməyindən, xəstəyə öz döğması kimi göstərilən münasibətdən bəhs edilir. Məktubu unudulmaz aktyorumuz, xüsusi səs temri ilə yaddaşlarda yaşayan Həsən Əblucun qızı Elnaz xanım göndərib.
Elnaz Əbluc yazır ki, aprel ayında 2 gün titrətmə-qızdırma ilə anam Firəngiz Salahova yatağa düşdü.: “Təcili yardım, falan… Soyuqlama olduğunu düşünüb lazımı müalicələrə başladıq. Amma gündən-günə anam halsızlaşır, oturduğu yerdə yuxulayırdı. İştahası kəsilmişdi. Demək olar ki, gün ərzində körpə uşaq kimi qidalandırırdıq. Sahə poliklinikasına müraciət etdik, qan təhlillərinə və diaqnostik müayinələrə əsasən müəyyənləşdi ki, anamda böyrəklə bağlı ciddi problem var. Həm böyrəkdə, həm də sidik kanalında olan daş ifrazatı çətinləşdirir və orqanizmdə toksiki hal başlayıb. Ona görə də anamın gözü “yuxudan” açılmırdı. Hərarəti düşmürdü, heç su da içə bilmirdi. 15 gün çox əziyyət çəkdi.
Hər cür müayinələrdən sonra anamda sidik yoluna daş düşdüyü üçün, urosepsis və onun nəticəsində septik şok yaranması diaqnozu qoyuldu. Çox kritik vəziyyətdə Yeni Klinikaya üz tutduq. Anamı dərhal reanimasiya şöbəsinə yerləşdirdilər. Şöbənin müdiri, uzman həkim reanimatoloq-anestezioloq Emil Qasımov dərhal müalicəyə başladı. Qeyd edim ki, anamın müalicəsi hələ davam edir.
Emil həkimin qərarı ilə xəstənin böyrəyinə stent yerləşdirildi. Bu əməliyyatı uroloq Azad Süleymanov mükəmməl şəkildə icra etdi. Artıq anamın xəstəxanaya yerləşdirilməsindən 30 gündən artıq müddət keçib. Anam hələ də reanimasiya şöbəsində Emil doktorun müalicəsini alır və yaxşılığa doğru dəyişiklik görürük. Süni tənəffüs aparatından ayrılıb, özü nəfəs alır, saturasiyası qalxıb, 50-yə düşən təzyiq normallaşıb. Təbii ki, bu vəziyyətdən cıxmaq üçün Emil həkim kimi bir mütəxəssisə rast gəlmək ailəmizin şansı idi.
Doğru deyirlər ki, yaxşı həkimin tanınması üçün efir reklamı falan gərək deyil. Savadlı, həm də alicənab həkimin reklamı onun məhəbbətlə, qayğı ilə yanaşdığı və müalicəsi uğurla başa çatan xəstələridir. Emil həkim zərgər dəqiqliyi ilə, hər şeyi nəzərdən kecirib müalicəyə başlayır. Və mən fəxr edirəm ki, belə bir yüksək səviyyəli həkimimiz var. Urosepsis və septik şokun verdiyi fəsadlar aradan qaldırıldıqdan sonra, stent çıxarılacaq və kanal daşdan azad ediləcək.
Anama göstərdikləri diqqət və qayğıya görə, sənətkarın ailəsi adından Yeni Klinikanin direktoru Zəhra Vəzirovaya, qəbul şöbəsinin müdiri, doktor Lamiyə Zahidliyə, eyni zamanda, xəstəyə xüsusi diqqət və qayğı ilə yanaşan Emil Qasımova, Azad Süleymanova və bütün tibbi heyyətə minnətdarlığımızı bildiririk”.
Sonda Elnaz xanım qeyd edib ki, anam iki böyük sənətkarın (tarzən Baba Salahovun qızı, Həsən Əblucun həyat yoldaşı) yadigarı olduğuna görə belə diqqət və qayğı ilə əhatə olunmayıb. Klinikada hər kəsə həmin isti münasibət göstərilir.
Zərifə BƏŞİRQIZI
XQ



