Tusinin irsi bədii əsərdə yenidən canlandırılıb

post-img

Mirnamik Bəşirovun qələmə aldığı iki hissəli “İbrət” tarixi romanı orta əsr Şərqinin zəngin elmi-mədəni mühitini və mürəkkəb ictimai hadisələrini bədii dillə canlandıran dəyərli əsərlərdəndir. Romanda Azərbaycanın dahi mütəfəkkiri, astronomu və ensiklopedik alimi Nəsirəddin Tusinin yaşadığı dövr bədii təxəyyül və tarixi faktların vəhdətində canlandırılır.

Romanın süjeti Marağaya Tusinin görüşünə gedən iki şəxsin yol boyu qarşılaşdıqları hadisələr üzərində qurulmuşdur. Müəllif  bu xətt vasitəsilə yalnız dövrün ictimai mənzərəsini deyil, həm də elmi düşüncəni, mədəni həyatı və insan münasibətlərini oxucuya təqdim edir. Əsər orta əsrlərin elmi irsini, mənəvi dəyərlərini və tarixi gerçəkliklərini əks etdirən maraqlı bir bədii salnamə kimi diqqəti cəlb edir.

Əsərdə səbir, şükür, tərbiyə və əxlaq kimi mənəvi dəyərlər ön plana çəkilir. Bununla yanaşı, təbiət elmlərinin inkişafı, Tusinin yaşadığı dövrün alimləri, elmi bilikləri və dünyagörüşü qısa, lakin məzmunlu dialoqlar vasitəsilə oxucuya təqdim olunur. Müəllif bəşər tarixinin inkişafında insan amilinin rolunu xüsusi vurğulayır. Elmə bağlılıq, bacarıq, iman, əzm və səbir kimi keyfiyyətlərin cəmiyyətin tərəqqisində oynadığı əhəmiyyət əsərin əsas ideya xəttini təşkil edir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan tarixi roman təkcə tarixi hadisələri deyil, həm də insanın mənəvi kamilləşməsi və şəxsiyyət kimi formalaşması məsələlərini diqqət mərkəzinə gətirir. Bu baxımdan roman həm maarifləndirici, həm də düşündürücü məzmunu ilə seçilir.

Tarixi romanın müəllifi Mirnamiq Bəşirov Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş məzunlardandır. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur,  uzun illərdir elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim dosent vəzifəsini tutur. Müxtəlif illərdə fizika müəllimi və direktor müavini kimi fəaliyyət göstərmiş, Lənkəran Hirkan Özəl Universitetində və Lənkəran Dövlət Universitetində məsul vəzifələrdə çalışmışdır. Tədris işləri üzrə inspektor, tədris hissəsinin müdiri, kafedra müdiri, fakültə dekanı və tədris işləri üzrə prorektor kimi vəzifələrdə əldə etdiyi təcrübə onun təhsil sahəsində peşəkarlığını təsdiqləyir. Sonralar AMEA-nın Radiasiya Problemləri İnstitutunda və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında çalışmış, hazırda BDU-da  fəaliyyətini davam etdirir. 

100-dən çox elmi məqalənin, dərs vəsaitinin və tədris proqramının müəllifidir. Beynəlxalq elmi layihələrdə fəal iştirak edən Mirnamik Bəşirov bir sıra qrant müsabiqələrinin qalibi olmuş, “Fizika sizin üçün” və “Abifizika” layihələri ilə uğur qazanmışdır.

Müəllifin geniş oxucu auditoriyasına ünvanladığı “İbrət” tarixi romanı yalnız tarixi hadisələrin bədii təsviri ilə deyil, həm də mənəvi yaddaşa və ailə köklərinə ehtiramın ifadəsi kimi diqqəti cəlb edir. Əsər yazıçının ulu babası Mirəsədulla bəyin əziz xatirəsinə ithaf olunmuşdur. 

XQ

 

Sosial həyat