Avropa Komissiyası (AK) Ukraynadakı müharibədə iştirak edən bütün Rusiya vətəndaşlarının Avropa İttifaqına (Aİ) girişini qadağan etmək üçün onların adlarını fərdi şəkildə qara siyahıya salmağı təklif edir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
"Bizim, əlbəttə ki, müharibədə iştirak edən şəxslər barədə kəşfiyyat məlumatlarımız var, sadəcə, onların hamısını qara siyahıya salmalıyıq ki, Avropa İttifaqına daxil ola bilməsinlər. Mən ekspert deyiləm, lakin mütəxəssislər bunun mümkün olduğunu bildirirlər", - Kallas Aİ Xarici İşlər Nazirləri Şurasının iclasına gələrkən bəyan edib.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin ötən həftə verdiyi məlumata görə, analoji tədbir Rusiyaya qarşı tətbiq ediləcək 21-ci sanksiya paketinə daxil edilə bilər. Xüsusi hərbi əməliyyat iştirakçılarının Avropaya girişinin qadağan olunması təklifini hələ yanvar ayında Estoniya irəli sürmüşdü. Rəsmi Tallin döyüş təcrübəsi olan şəxslərin ölkəyə gələcəyi təqdirdə cinayətkarlığın arta biləcəyindən narahatlığını ifadə etmişdi.
S.ELAY
XQ

