15 İyun – Azərbaycan dövlətçiliyinin xilası və sabitliyə aparan yol

post-img

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz  Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.

Milli Məclisin üzvü Azər Allahverənov qeyd etdi ki, tarixdə elə günlər vardır ki, onların mahiyyəti yalnız bir hadisə ilə məhdudlaşmır, bütöv bir xalqın taleyini müəyyənləşdirir. Azərbaycan xalqının müasir tarixində belə günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın ağır siyasi böhrandan, vətəndaş qarşıdurması təhlükəsindən və dövlətçiliyin dağılması riskindən xilas olaraq inkişaf yoluna qədəm qoymasının başlanğıcı kimi qiymətləndirilir. Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin fəaliyyəti xüsusi yer tutur. Hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə ölkənin iqtisadi potensialının gücləndirilməsi, milli kadrların hazırlanması, elm, təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində mühüm addımlar atılmışdı. Məhz həmin dövrdə formalaşan idarəçilik təcrübəsi sonrakı illərdə Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində əhəmiyyətli rol oynadı. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb siyasi və hərbi vəziyyətlə üzləşdi. Ermənistanın hərbi təcavüzü genişlənir, iqtisadi böhran dərinləşir, hakimiyyət daxilində parçalanmalar güclənirdi. 

Xüsusilə 1992–1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin idarəçilik sahəsində yol verdiyi ciddi səhvlər ölkədə vəziyyəti daha da ağırlaşdırdı. Dövlət idarəçiliyində təcrübəsizlik, tez-tez dəyişən qərarlar, vahid siyasi strategiyanın olmaması və daxili çəkişmələr cəmiyyətdə narazılığın artmasına səbəb oldu. Ordunun formalaşdırılması prosesində mövcud olan problemlər, müxtəlif silahlı qrupların fəaliyyət göstərməsi və bölgələrdə separatçı meyillərin güclənməsi ölkəni faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin iyununda baş verən hadisələr vəziyyətin nə qədər kritik həddə çatdığını açıq şəkildə göstərdi. Dövlət hakimiyyətinin zəifləməsi, vətəndaş qarşıdurması təhlükəsinin yaranması və ölkənin gələcəyi ilə bağlı narahatlıqlar xalqı çıxış yolu axtarmağa məcbur etdi. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu hadisə sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 

Dövlət idarəçiliyi gücləndirildi, qanunçuluğun təmin olunması üçün addımlar atıldı, separatçılıq meyillərinin qarşısı alındı və milli dövlətçilik prinsipləri möhkəmləndirildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsi istiqamətində də mühüm işlər görüldü. 1994-cü ildə əldə olunan atəşkəs ölkənin inkişafı üçün əlverişli şərait yaratdı. Həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin əsasını qoydu. Sonrakı illərdə həyata keçirilən iri enerji və nəqliyyat layihələri ölkənin beynəlxalq nüfuzunun yüksəlməsinə və iqtisadi qüdrətinin artmasına mühüm töhfə verdi. Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz 1993-cü ildə başlanmış qurtuluş və dövlətçilik siyasəti dayanır. Bu tarixi yolun ən mühüm nəticələrindən biri də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi oldu. 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə edilən tarixi Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi idi. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi ölkəmizin müstəqillik tarixində yeni bir mərhələ açdı və dövlətçilik ideallarının daha da möhkəmlənməsinə xidmət etdi. 

Bu gün qalib və sürətlə inkişaf edən Azərbaycan Ulu öndər Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil və nüfuzlu dövlət modelini yaşadır. Onun müəyyən etdiyi siyasi kurs əsasında formalaşan sabitlik, iqtisadi inkişaf, güclü ordu quruculuğu və milli həmrəylik Azərbaycanın gələcək uğurlarının əsas dayaqlarındandır. Milli Qurtuluş Gününün mahiyyəti də məhz bundan ibarətdir: dövlətçiliyin qorunması, milli maraqların üstün tutulması və xalqın rifahına xidmət edən inkişaf yolunun davam etdirilməsi. 

15 İyun Azərbaycan tarixində yalnız keçmişin deyil, həm də gələcəyin simvoludur. Bu gün xalqımız üçün müstəqil dövlətin əbədi yaşaması, daha güclü və inkişaf etmiş Azərbaycanın qurulması naminə atılan mühüm addımların başlanğıcı kimi böyük əhəmiyyət daşıyır.

 

Müşfiq MİRZƏ

XQ

        

Siyasət