“15 İyun – Milli Qurtuluş Günü sadəcə təqvim xatirinə qeyd olunan bir tarix deyil, müstəqil Azərbaycan dövlətinin və bütövlükdə xalqımızın məhv olmaq təhlükəsindən xilas edildiyi, suverenliyimizin xilas nöqtəsi olan müqəddəs bir gündür.
Bu fikirləri AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli “Xalq qəzeti”nə açıqlamasında bildirib.
Akademik qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamız sözün əsl mənasında uçurumun kənarında idi. Daxili siyasi böhran, ölkəni bürüyən xaos, dərin iqtisadi tənəzzül və ən acınacaqlısı, Ermənistanın Qarabağda başlatdığı işğalçılıq müharibəsi müstəqilliyimizi itirmək qorxusu yaratmışdı. Belə bir çıxılmaz vəziyyətdə Azərbaycan xalqı öz xilaskarlıq missiyasını yalnız böyük dövlət xadimi Heydər Əliyevdə görürdü. Çünki Ulu Öndər hələ sovet dönəmində respublikamızı ittifaqın ən qabaqcıl ölkələrindən birinə çevirmiş, Moskvada rəhbərlikdə olduğu illərdə hər zaman vətəninin, mənsub olduğu xalqın maraqlarını düşünmüşdü. Onun 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi erməni təcavüzü qarşısında göstərdiyi sarsılmaz qətiyyət isə xalqın bu inamını daha da möhkəmləndirmişdi.
Məhz xalqın təkidli tələbi, ziyalılarımızın, elm adamlarımızın müraciətləri və ölkə rəhbərliyinin yeganə çıxış yolunu dahi liderin xilaskarlıq dühasında görməsi Ulu Öndəri Bakıya gətirdi. Onun xalqına və vətəninə olan sonsuz sevgisi fəlakətlərin qarşısını aldı, ölkəni qardaş qırğınından və vətəndaş müharibəsindən qorudu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkəmizin gələcək inkişafının, iqtisadi dirçəlişinin və dövlət institutlarının qurulmasının möhkəm təməli qoyuldu.”
“Ümummilli Lider hakimiyyətə qayıtdıqdan dərhal sonra ilk strateji görüşlərindən birini məhz 1993-cü il sentyabrın 21-də Elmlər Akademiyasında respublikanın aparıcı alimləri və ziyalıları ilə keçirdi. Bu addım dahi liderin elmə və intellektual potensiala verdiyi müstəsna əhəmiyyətin göstəricisi idi. Həmin tarixi görüşdə etdiyi proqram xarakterli çıxışında Ulu Öndər hər bir vətəndaşı, xüsusən də ziyalıları narahat edən problemlərə toxunaraq, öz ömür yolunu millətinə fəda etdiyini bu sözlərlə bəyan etmişdi: “Mən nə vəzifə tutmaq üçün, nə də Azərbaycanın dövlət başçısı olmaq üçün mübarizə aparmamışam... Yalnız bir şeyi vəd edə bilərəm: Azərbaycan xalqına, millətimə, torpağıma sadiq olmuşam və ömrüm boyu da sadiq olacağam. Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm və ömrümün bundan sonrakı illərini də xalqıma bəxş edirəm”.
Bəli, məhz bu uzaqgörən siyasətin nəticəsi olaraq ölkədə qanunsuzluğa son qoyuldu, cəbhədə atəşkəs əldə edildi, “Əsrin müqaviləsi” sayəsində ölkəyə irihəcmli xarici investisiyalar cəlb olundu. Ordu quruculuğundan tutmuş elm, təhsil və mədəniyyət sahələrinə qədər həyata keçirilən köklü islahatlar Azərbaycanı beynəlxalq arenada nüfuzlu və etibarlı tərəfdaşa çevirdi.”
AMEA prezidenti Ulu öndərin müəyyənləşdirdiyi strateji kursun onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən müasir dünyanın çağırışlarına uyğun olaraq ən yüksək səviyyədə davam etdirildiyini qeyd edib.
“Müzəffər Ali Baş Komandanımızın qətiyyətli liderliyi, həmçinin Ulu Öndərin azərbaycançılıq məfkurəsi ruhunda böyüyən vətənpərvər, cəsur gəncliyimizin canı və qanı baha sına qazanılmış tarixi Qarabağ Zəfəri dövlətçilik tariximizin ən parlaq zirvəsidir. Bu möhtəşəm qələbə ilə Prezident İlham Əliyev öz adını tariximizə əbədi olaraq qızıl hərflərlə yazdırdı. Müasir Azərbaycanın əldə etdiyi bütün bu qlobal uğurların başlanğıcı və ideoloji təməli məhz 15 İyun Milli Qurtuluş Gününə dayanır.”- deyə, akademik İsa Həbibbəyli əlavə edib.
Anar TURAN

