Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Vatikanın Dinlərarası Dialoq Dikasteriyasının Prefekti Kardinal Con Ceykob Kuvakad və Dikasteriyanın İslam Bürosunun rəhbəri Ata Laurent Basanese Azərbaycana bir həftəlik səfərə gələcəklər. Səfər çərçivəsində qonaqlar ölkənin dini, tarixi və mədəni irsini əks etdirən bir sıra məkanlarla tanış olacaq, həmçinin müxtəlif dövlət və ictimai qurumların nümayəndələri ilə görüşlər keçirəcəklər.
XQ xəbər verir ki, səfərin əsas məqsədlərindən biri Azərbaycan ilə Vatikan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dinlərarası dialoq və qarşılıqlı anlaşma sahəsində yeni imkanların araşdırılmasıdır. Tərəflər arasında uzun illərdir formalaşan münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır və müxtəlif humanitar, mədəni və dini təşəbbüslərlə zənginləşir.
Proqram çərçivəsində nümayəndə heyətinin Bakıda yerləşən Katolik Kilsəsini ziyarət etməsi, eləcə də Qəbələ və Şəkidəki qədim Alban məbədləri ilə tanış olması nəzərdə tutulur. Qonaqlar həmçinin İçərişəhərdə fəaliyyət göstərən “Tolerantlıq evi”nə və Heydər Məscidinə baş çəkərək Azərbaycanın multikulturalizm və dini həmrəylik ənənələri haqqında ətraflı məlumat əldə edəcəklər.
Səfər müddətində ictimaiyyət nümayəndələri, dini liderlər və Milli Məclisin deputatları ilə görüşlərin keçirilməsi də planlaşdırılır. Bu görüşlər çərçivəsində dinlərarası əməkdaşlıq, sülhün təşviqi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və birgə humanitar layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Azərbaycan beynəlxalq səviyyədə tolerantlıq və multikultural dəyərlərin təşviqinə verdiyi töhfələrlə tanınır. Vatikan nümayəndələrinin səfəri də bu istiqamətdə aparılan fəaliyyətin davamı kimi qiymətləndirilir və iki tərəf arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm hadisə hesab olunur.

