Tarix hadisələri unutmur. Zamanın yaddaşına yazılan hər fakt bir həqiqəti təsdiqləyir ki, milli birlik zəiflədikcə dövlət də zəifləyir. Hakimiyyət məsuliyyət hissini itirdikdə, şəxsi maraqlar dövlət maraqlarını üstələdikdə, cəmiyyət bunun ağır nəticələri ilə üz-üzə qalır.
Ötən əsrin sonlarında Azərbaycan məhz belə bir sınaqla üzləşdi. Siyasi çəkişmələr dövlət idarəçiliyini iflic vəziyyətinə saldı, hakimiyyət uğrunda mübarizə milli maraqlardan daha öndə dayandı. Xalq faciələr yaşayır, torpaqlar itirilir, ölkənin gələcəyi məşəqqətlərə sürüklənirdi. Xocalı soyqırımı və işğal altında qalan torpaqlar həmin dövrün ağrılı nəticələri kimi tarixə həkk olundu. 1993-cü ildə isə vəziyyət artıq təhlükəli mərhələni keçdi və müstəqillik yaşamağımız risk altına düşməyə başladı. Dövlətin dayaqları sarsılır, ölkə daxilində qarşıdurmalar genişlənir, qanun gücünü itirmişdi. Azərbaycan siyasi xaosun, iqtisadi böhranın və vətəndaş qarşıdurmasının mərkəzindəydi. Hakimiyyət mövcud xoşagəlməz vəziyyətə nəzarət edə bilmir, hadisələrin arxasınca sürünürdü. Dövlət idarəçiliyində hökm sürən səriştəsizlik ölkəni addım-addım fəlakətə yaxınlaşdırırdı.
Azərbaycanın gələcəyi təhlükə altında idi. Hakimiyyətin səriştəsizliyi cəmiyyətdə dərin etimadsızlıq yaratmış, dövlətlə xalq arasında etibar bağlarını zəiflətmişdi. Ölkə taleyinin ən ağır, ən mürəkkəb və ən təhlükəli mərhələsinə qədəm qoymuşdu. Hadisələrin gedişi göstərirdi ki, Azərbaycan daha böyük fəlakətlərin astanasınadır. Belə bir vaxtda mövcud iqtidara etiraz əlaməti olaraq xalq iradə və xarakter nümayiş etdirərək meydanlara axışdı. Azərbaycanın müxtəlif bölgələrindən gələn çağırışlar eyni ünvanda birləşdi. Küçələrə axışan insanların əlindəki plakatlarda və səsləndirilən müraciətlərdə bir fikir daha qəti idi, “Bizi bu bəladan Heydər Əliyev çıxara bilər!”. Bu çağırış xalqın dövlətçiliyini qorumaq əzminin, gələcəyə inamının və böyük ümidinin ifadəsi idi. Xalqın təkidli çağırışına cavab verən Heydər Əliyev ağır məsuliyyəti öz üzərinə götürdü. Onun siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmlənməsinə və milli birliyin güclənməsinə yol açdı. Azərbaycan dağılmaq təhlükəsindən uzaqlaşaraq dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu.
15 İyun Azərbaycanın müasir tarixində dönüş yaradan gün kimi yadda qaldı. Bu tarix dövlətçiliyimizin xilası, milli iradənin təntənəsi və müstəqilliyimizin qorunmasının simvoluna çevrildi. Həmin gündən etibarən Azərbaycan öz gücünə, öz dövlətinə və öz gələcəyinə arxalanan ölkə kimi yeni inkişaf mərhələsinə daxil oldu. Ölkənin ağır böhranla üz-üzə qaldığı bir dövrdə Ümummilli lider Heydər Əliyev siyasi qarşıdurmanın və xaosun qarşısını aldı, qanunun aliliyini təmin etdi, milli iradəyə söykənərək həmrəyliyin bərqərar olmasına nail oldu. Dövlət idarəçiliyində sabitlik yaradıldı, hüquqi mexanizmlər fəaliyyətə başladı, cəmiyyətə inam və əmin-amanlıq qayıtdı. Xalq diqqətini qarşıdurmadan quruculuğa, inkişaf və tərəqqiyə yönəltdi. Qısa müddət ərzində dövlət institutları fəaliyyət qabiliyyətini bərpa etdi, Azərbaycanın xarici və daxili siyasətində yeni mərhələnin əsası qoyuldu. Ölkə beynəlxalq münasibətlər sistemində layiqli yer tutaraq sivil dünya ilə inteqrasiya yolunda mühüm addımlar atdı. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, peşəkar və müasir silahlı qüvvələrin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycanın iqtisadi qüdrətinin təməlini yaradan Ulu öndər Heydər Əliyev mürəkkəb geosiyasi şəraitdə daxili və xarici təzyiqlərə, müxtəlif təxribat cəhdlərinə baxmayaraq ölkənin taleyini dəyişən “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu tarixi addım Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi, dünya enerji xəritəsində mövqeyini gücləndirdi və ölkənin inkişaf strategiyasının əsasını formalaşdırdı. Heydər Əliyevin xalqına və dövlətinə sədaqətlə xidmət edən lider qətiyyəti beynəlxalq ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandı, Azərbaycanın gələcəyinə inamı daha da artırdı.
Qarabağ münaqişəsinin həlli istiqamətində ilk növbədə sülh və danışıqlar yoluna üstünlük verən Heydər Əliyev eyni zamanda güclü dövlətin etibarlı müdafiə qabiliyyətinə malik olmasının vacibliyini uzaqgörənliklə dəyərləndirirdi. Bu səbəbdən ordu quruculuğu prosesi sürətləndirildi, Silahlı Qüvvələrin formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyev əmin idi ki, sülh danışıqları nəticə vermədiyi təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək gücünə sahib olmalıdır. Məhz bu strateji yanaşma ölkənin hərbi-siyasi konsepsiyasını formalaşdırdı, gələcək qələbənin möhkəm təməlini yaratdı.
“Mənim yarımçıq qalan işlərimi İlham Əliyev tamamlayacaq” fikri ilə Heydər Əliyev Azərbaycanın gələcək inkişaf yolunun strateji istiqamətlərini müəyyənləşdirdi.
Ulu öndərin formalaşdırdığı siyasi kurs sonrakı illərdə ardıcıl şəkildə davam etdirildi və ölkənin iqtisadi, siyasi, diplomatik və hərbi gücü əhəmiyyətli dərəcədə möhkəmləndirildi. Nəhayət, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi reallığa çevrildi. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı parlaq Qələbə ilə nəticələndi, Qarabağ və Şərqi Zəngəzurun böyük hissəsi işğaldan azad edildi. Sonrakı mərhələdə ölkənin suverenliyi bütün ərazilərində tam təmin olundu. Beləliklə, iki əsrə yaxın davam edən erməni separatizminə ağır zərbə vuruldu, Azərbaycan öz tarixi ədalətini və dövlət suverenliyini tam bərpa etdi.
Tarix sübut etdi ki, Ulu öndərin “Biz Şuşaya, Xankəndiyə, Qarabağa qayıdacağıq!” çağırışı uzaqgörən dövlət xadiminin qəti əminliyindən doğurdu. Zaman keçdikcə bu sözlər milli məqsədə, dövlət iradəsinə və tarixi həqiqətə çevrildi. Ulu öndərin müəyyən etdiyi strateji xətt onun layiqli siyasi varisi tərəfindən ardıcıl şəkildə davam etdirildi və nəticədə Azərbaycan güclü diplomatiya, müasir ordu quruculuğu və milli birliyin vəhdəti sayəsində tarixi missiyasını uğurla yerinə yetirdi. Şuşaya, Xankəndiyə və Qarabağa qayıdış Azərbaycanın siyasi qələbəsi ilə yanaşı, tarixi ədalətin bərpasının da parlaq təcəssümü oldu.
Azərbaycanın qazandığı bütün böyük uğurların, əldə etdiyi tarixi qələbələrin təməli məhz 15 iyun 1993-cü ildə qoyuldu. Bu tarix xalqımızın taleyində dönüş nöqtəsi olmaqla yanaşı, dövlətçilik salnaməmizin ən müqəddəs səhifələrindən biridir. Milli Qurtuluş Günü Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş qarşıdurmasına sürüklənmək təhlükəsindən xilas edən tarixi mərhələnin başlanğıcıdır.
Bu baxımdan, 15 İyun Azərbaycanın xilası, dirçəlişi, yüksəlişi və gələcəyə inamının rəmzi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti

