Cənub-Şərqi Asiya coğrafiyası ilə diplomatik təmaslar genişləndirilir
Azərbaycanın son dövrlər Cənub-Şərqi Asiya regionu ilə əlaqələri intensivləşdirməsi, xüsusən Tailand Krallığı ilə qurulan diplomatik təmaslar məqsədyönlü siyasətin bariz nümunəsidir. İyunun 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələrinin keçirilməsi iki dövlət arasında siyasi dialoqun praktiki sahədə möhkəmlənməsinə xidmət edir. Konsulluq səviyyəsində qurulan əlaqələr dövlətlərarası münasibətlərin hüquqi və inzibati dayaqlarını möhkəmləndirir, eyni zamanda, gələcək strateji tərəfdaşlıq üçün etibarlı zəmin hazırlayır.
Qlobal miqyasda nüfuz qazanan rəsmi Bakı xarici siyasətində fərqli coğrafiyalarla, xüsusilə Asiya–Sakit okean hövzəsi ilə sıx əməkdaşlıq formatların formalaşdırılmasına önəm verir. Tailand Krallığı ilə diplomatik münasibətlərin tarixi 1992-ci il iyul ayının 7-nə təsadüf etsə də, son illər bu əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi üçün ciddi addımlar atılıb. 2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda səfirliyinin rəsmi fəaliyyətə başlaması və hər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli əlaqələrdə dönüş nöqtəsi oldu. Həmin siyasi təmaslar çərçivəsində imzalanmış Anlaşma Memorandumu iki ölkə arasında tərəfdaşlığın gələcək yol xəritəsini müəyyən etdi, siyasi dialoqun institusional əsaslarını formalaşdırdı. İndi isə həmin əlaqələrin praktiki tərəfi olan konsulluq məsləhətləşmələri vasitəsilə dövlətlərarası inteqrasiyanın daha dərin səviyyəsinə keçid təmin olunur.
Bakıda keçirilən konsulluq məsləhətləşmələrində tərəflərin təmsilçilik səviyyəsi bu görüşə verilən siyasi əhəmiyyəti nümayiş etdirir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun, Tailand nümayəndə heyətinə isə müvafiq nazirliyin Konsulluq məsələləri departamentinin baş direktoru Munqkorn Pratoomkaevin rəhbərlik etməsi rəsmi səviyyədə mövzuya ayrılan diqqəti göstərir. Tərəflər arasında aparılan geniş fikir mübadiləsi iki dövlətin konsulluq sahəsində əməkdaşlıq fəaliyyətinin cari vəziyyətini qiymətləndirməyə və gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan yaradıb. İkitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və aidiyyəti sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi müzakirələrin əsas nüvəsini təşkil edib.
***
Qlobal geosiyasi rəqabətin kəskinləşdiyi müasir dövrdə konsulluq əlaqələri dövlətlərin xarici siyasətinin suverenlik və təhlükəsizlik parametrlərini ehtiva edən prosesdir. Azərbaycanın beynəlxalq nüfuzunun artması və vətəndaşlarının fərqli ölkələrə səfərlərinin çoxalması xaricdəki milli maraqların qorunması zərurətini artırır. Tailand Krallığı kimi mühüm region dövləti ilə konsulluq sahəsində institusional əməkdaşlığın qurulması dövlətin vətəndaşlarına göstərdiyi qayğının və qlobal miqyasda suveren təsir imkanlarının təzahürüdür. Həmin əlaqələrin möhkəmlənməsi iki dövlət arasında qarşılıqlı vizasız gediş-gəliş, diplomatik və xidməti pasportlara malik şəxslərin hərəkət sərbəstliyi və gələcəkdə ümumi viza rejiminin sadələşdirilməsi kimi strateji addımlara yol açır.
Görüşdə böhran vəziyyətlərində vətəndaşların təxliyəsi və onlara operativ konsulluq yardımının göstərilməsi sahəsində mövcud təcrübənin nəzərdən keçirilməsi qlobal təhlükəsizlik çağırışları baxımından əhəmiyyətlidir. Müasir dünyada baş verən regional münaqişələr, təbii fəlakətlər və gözlənilməz böhranlar dövlətlərin xarici ölkələrdəki vətəndaşlarının mühafizəsi məsələsini milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevirib. Azərbaycan dövlətinin vətəndaş təhlükəsizliyi sahəsində nümayiş etdirdiyi mövqe və müvafiq sahədə qazandığı təcrübə Tailand tərəfi ilə aparılan müzakirələrdə təhlil edilib. Təxliyə proseslərinin idarə olunması, diplomatik nümayəndəliklərin krizis anında koordinasiyalı fəaliyyəti və operativ rabitə kanallarının yaradılması sahəsində qabaqcıl mexanizmlərin bölüşülməsi gələcəkdə yarana biləcək hər hansı fors-major vəziyyətlərdə hər iki dövlətin vətəndaşlarının həyatının qorunmasına həlledici töhfə verəcək.
Müzakirələrdə diqqət mərkəzində olan digər mühüm istiqamət konsulluq xidmətlərinin rəqəmsallaşdırılması və müvafiq sahədə hər iki ölkənin tətbiq etdiyi yeniliklər ətrafında aparılan fikir mübadiləsidir. Rəqəmsal diplomatiya müasir idarəçiliyin və dövlət institutlarının çevikliyinin göstəricisidir. Azərbaycan Respublikası dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron viza sistemlərinin tətbiqi və vətəndaşlara məsafədən göstərilən konsulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində qabaqcıl təcrübədə sayılır. Tailand Krallığının da rəqəmsal konsulluq infrastrukturu sahəsində təcrübəsi mövcuddur. İki dövlət arasında rəqəmsal platformaların inteqrasiyası və texnoloji həllərin mübadiləsi konsulluq xidmətlərinin göstərilməsi müddətini qısaldır, bürokratik maneələri aradan qaldırır və təhlükəsizlik nəzarətini gücləndirir.
***
Konsulluq münasibətlərinin dərinləşməsi Azərbaycanın milli diplomatiyasının qarşısında duran mühüm strateji vəzifələrin icrasına xidmət edir. Dövlətin xarici siyasətində tərəfdaşların çoxalması və coğrafiyanın genişlənməsi həm kəmiyyət, həm də keyfiyyət göstəricisidir. Tailand Krallığı Cənub–Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) aparıcı və nüfuzlu üzvlərindən hesab edilir. Azərbaycanın ASEAN regionuna nüfuz etməsi, bu təşkilat çərçivəsində mövqeyini gücləndirməsi və regional dövlətlərlə ikitərəfli əlaqələri dərinləşdirməsi rəsmi Bakının qlobal xarici siyasət prioritetlərinə tam uyğundur. Tailandla qurulan diplomatik və konsulluq təmasları Azərbaycanın Cənub–Şərqi Asiyada etibarlı tərəfdaş kimi qəbul olunmasını sürətləndirir.
Azərbaycan–Tailand əlaqələri beynəlxalq çoxtərəfli platformalarda nümayiş etdirilən fəal əməkdaşlıqla daha da möhkəmlənir. Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və BMT-nin Asiya və Sakit Okean üzrə Komissiyası (UNESCAP) kimi mühüm strukturlarda hər iki ölkənin fəal iştirakı siyasi tərəfdaşlığın çoxtərəfli ölçüsüdür. Rəsmi Bakının UNESCAP çərçivəsindəki rolu və Tailandın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirakı regional inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Həmin diplomatik platformalar dövlətlərin qlobal idarəçilikdə ortaq maraqlardan çıxış etməsinə imkan yaradır. Tailandın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində nümayiş etdirdiyi beynəlxalq hüquqa sadiq mövqe iki ölkə arasındakı qarşılıqlı etimadın əsaslarından sayılır.
İyunun 11-də Bakıda keçirilən ilk konsulluq məsləhətləşmələri Azərbaycan–Tailand münasibətlərində yeni tarixi mərhələnin başlanğıcı hesab olunur. Bu təmaslar iki ölkə arasında diplomatik əlaqələrin yalnız siyasi bəyanatlar səviyyəsində qalmadığını, eyni zamanda, vətəndaşların maraqlarına xidmət edən, dövlət təhlükəsizliyini təmin edən praktiki layihələrlə zənginləşdiyini təsdiqləyir.
“Milli diplomatiya: tərəfdaşlar çoxalır, coğrafiya genişlənir” konseptinin uğurlu tətbiqi sayəsində Azərbaycan qlobal miqyasda tərəfdaş imicini möhkəmləndirir. Tailand Krallığı ilə qurulan sistemli əməkdaşlıq gələcəkdə hər iki dövlətin regional və qlobal səviyyədə ortaq siyasi maraqlarının təmin olunmasına mühüm töhfələr verəcək.
Yusif ŞƏRİFZADƏ
XQ

