Balakən
Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı konfrans keçirilib. Məclisdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri Azad Balayev, icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, tariximizin şanlı səhifələrindən biri olan Milli Qurtuluş Günü dövlət müstəqilliyinin qorunub saxlanılmasının, vətəndaş qarşıdurmasından xilasın, sabitlik və inkişaf yolunun başlanğıcı olub, taleyüklü dönüş nöqtəsi kimi yaddaşlara əbədi həkk olunub.
Ağsaqqallar Şurasının üzvü Meysarat Qaysayeva, Hənifə kənd tam orta ümumtəhsil məktəbinin direktoru Cavanşir Alqayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov, hərbi jurnalist Şaban Daşdəmirov, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Fuad Mikayılov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranlarına hədiyyələr verilib. YAP-a yeni qəbul olunanlara partiya vəsiqələri təqdim edilib.
Qəbələ
Qəbələ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir Azərbaycan dövlətçiliyi: Qurtuluşdan başlanan zəfər yolumuz” mövzusunda toplantı keçirilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək heykəlin önünə gül dəstələri düzüblər. Mədəniyyət Mərkəzində davam edən məclisdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova 15 İyun Milli Qurtuluş Gününün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ilə əsaslı dövlət quruculuğunun əsası qoyulub.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Azərbaycanın çağdaş inkişaf strategiyasını ümummilli lider Heydər Əliyev müəyyənləşdirib. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın tərəqqisi uğrunda yorulmaz fəaliyyət göstərib, qəlblərdə sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.
Digər çıxış edənlər Heydər Əliyev dühasının Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafında rolunu vurğulayıblar.
Zaqatala
Zaqataladakı Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşun mübarək, Azərbaycan!” mövzusunda elmi-praktik konfrans keçirilib.
İştirakçılar öncə mərkəzin qarşısında Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransın əvvəlində Ulu öndərin zəngin və şərəfli ömür yolunu, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi xaos və özbaşınalıqdan xilas edib, sabit, dayanıqlı inkişafın əsası qoyulub. Natiq Milli Qurtuluş Gününün əhəmiyyətindən, Heydər Əliyev siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də danışıb.
Məclisdə 1993-cü ilin iyununda respublikamızda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



