Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş Gömrük Administrasiyasının rəhbərliyi ilə görüşü keçirilib.
Görüşdə Azərbaycanla Çin arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunub, eyni zamanda, iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib.
Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının daha da genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının inkişafı, rəqəmsal həllərin tətbiqi, sertifikatlaşmanın qarşılıqlı şəkildə tanınması, eləcə də təhlükəsiz və səmərəli ticarətin təşviqi ilə bağlı aktual məsələlər barədə razılaşmalar əldə edilib.
Daha sonra AQTA sədri Qoşqar Təhməzli və ÇXR-in Baş Gömrük Administrasiyasının naziri xanım Sun Meycun iki qurum arasında rəsmi əməkdaşlıq sənədlərini imzalayıblar.
Səfər çərçivəsində AQTA sədri ÇXR Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının naziri Luo Ven ilə görüş keçirib. Görüşdə qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin gücləndirilməsi, effektiv təftiş sistemlərinin tətbiqi, riskəsaslı qida təhlükəsizliyinin təmin edilməsində rəqəmsal transformasiya imkanları, habelə digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
XQ

