Sülhün dönməz prosesə çevrilməsi: Azərbaycanın şərti və ...rus hərbçiləri

post-img

Nikol Paşinyan tələsməməli, erməni cəmiyyəti isə iradə nümayiş etdirməlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla dəmir yolu, avtomobil yolları və elektrik xətlərinin tam şəkildə reallaşacağına əmindir: “Boru kəmərləri və resursların mərkəzləşdirilməsi kimi bəzi layihələrdə tərəfdaş ölkələrin daha aktiv rol almaları lazım gəlir. Təsəvvür edin, biz Azərbaycana gedib-gəlirik, azərbaycanlılar Ermənistan ərazisindən keçib hərəkət edir, qatarlar işləyir. Bu, artıq sülhdür”.

Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa. Əlbəttə, bu atalar sözümüzü yada salıb Nikolun fikirlərinin səmimiyyətdən uzaqlığını vurğulamaq niyyətində deyilik. İnsafən, təkcə Paşinyan yox, bütövlükdə onun rəhbərlik etdiyi komanda son zamanlar Azərbaycanla sülh mövzusunda həssasdır. Hiss olunur ki, bu komandanın üzvləri barış mühiti barədə təbliğat aparmağa ciddi yanaşırlar. Amma...

Paşinyan 7 iyun parlament seçkiləri bitər-bitməz, daha doğrusu, onun rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının prosesin qalibinə çevrilməsi məlum olan kimi bildirdi ki, Ermənistan üçün prioritet Azərbaycanla sülhün institusionallaşdırılması və Türkiyə ilə normallaşma xəttidir. “Əmması” barış yolunda cəsarət və qətiyyət çatışmazlığıdır. Özü də bu, təkcə erməni iqtidarına yox, ümumən hay cəmiyyətinə şamil olunacaq reallıqdır və bu barədə söhbətimizin ikinci hissəsində söz açacağıq.

***

Daha bir “əmma” Ermənistandakı rus hərbi birləşmələridir. Hər halda, Nikolun pozitiv bəyanatları fonunda onlarla əlaqəli məlumatın yayılmasını diqqətdən kənar qoya bilmərik. Məlumatda bildirilir ki, rus hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə götürüblər. Belə olan halda, Paşinyanın barəsində söz açdığı sülh formulu şübhə altına düşür. Bir halda ki, Baş nazirin düşüncəsinə görə dəmir yolu, avtomobil yolları və elektrik xətlərinin tam şəkildə reallaşması sülhdür, bunun baş verməməsi barış mühitinə ziddir.

Nəzərə alaq ki, Azərbaycan–Ermənistan sülhünü xarakterizə edən ən mühüm sənəd ötən il avqustun 8-də hər iki ölkə liderinin Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamədir. O Bəyannamə ki, məğzini Naxçıvana maneəsiz yol və bu yolun “Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu”, yaxud “Tramp marşrutu” və ya qısaca TRIPP məntiqi təşkil edir. Yəni barış mühiti regional kommunikasiyaların açılması kimi mühüm öhdəlik seqmentinə malikdir.

Qeyd edək ki, Azərbaycan TRIPP naminə üzərinə düşən bütün işləri, demək olar, tam yekunlaşdırıb. İndi növbə Ermənistanındır. Ermənistan öz ərazisindəki 40 kilometrdən bir qədər artıq olan məsafəni ümumi mənafelər naminə işlək hala gətirməlidir. Məsələnin reallaşması hansı səbəbdən gecikir, yaxud çətinə düşür, bu, Azərbaycanı bir o qədər maraqlandırmır. Ölkəmiz nəticəyə baxır. Nəticənin əldə olunmasının obyektiv amili kimi, görünür, rus hərbçilərinin timsalında subyektiv səbəbi də var. Erməni dövləti həmin səbəbi aradan qaldırmalıdır. Özü də tezliklə. Çünki Ermənistanın çox arzuladığı Qərbə açılım, dənizlərə çıxış Azərbaycan–Ermənistan sülhündən, Paşinyanın vurğuladığı tərzdə desək, sülhün institusionallaşdırılmasından asılıdır. Elementar sual da yaranır: Nə üçün Ermənistanın hansısa istiqamətindəki sərhədində kənar ölkənin hərbçiləri dayanmalı, keşik çəkməlidirlər? Sualımız ritorikdir və rus hərbçilərinin hansısa kəndi nəzarətə götürmələri şübhə yaradır. Belə bir məlumatın yayılması da həmçinin.

***

Digər tərəfdən, Paşinyan əvvəldə diqqətə çatdırdığımız iqtibasındakı fikirləri gündəmə gətirməklə, sanki, sülhün artıq tam təmin olunduğu mesajını verir. Əlbəttə, mesajı pozitiv qiymətləndirmək mümkündür. Ancaq Nikolun dediklərini, yaxşı halda, tələskənlik də saymaq olar. Axı bildirdik ki, o, sülhün institusionallaşdırılması istiqamətini prioritet seçdiyini vurğulayıb. Bunun üçün isə yalnız regional kommunikasiyaların açılması kifayət deyil. Sülh o zaman möhkəm xarakter alacaq ki, münaqişə məntiqini özündə ehtiva edən bütün məqamlar sıradan çıxsın.

Xatırladaq ki, Ermənistan Azərbaycana ərazi iddiası məntiqinə söykənmiş İstiqlaliyyət Bəyannaməsinin buxovundan qurtulmasıdır. Bunun üçün isə referendum keçirilməlidir. Ermənistanda parlament seçkilərinin nəticələri Paşinyanın rəhbərlik etdiyi hakim komandanı prosesi reallaşdırmaq, ümumən, konstitusion islahatlar keçirmək imkanından məhrum duruma salıb. O zaman sual yaranır: Sülh institusionallaşacaqmı, yaxud necə institusionallaşacaq? Doğrudur, hazırda Ermənistanda səslərin sayılmasının davam etdiyi, yekun nəticələrin iyunun 14-də açıqlanacağı bildirilir. Amma sayımdan sonra Nikolun “Mülki müqavilə” partiyasının parlamentdə lazımi səs çoxluğuna yiyələnəcəyi şübhə doğurur. Hətta qurumun mandat sayının azalma ehtimalı da var.

Sözümüz ondadır ki, Paşinyan məhz bunlara görə fikir bildirərkən tələsməməlidir. Çünki vurğuladıqlarımızı nəzərə alsaq, onun hazırkı təqdimatı manipulyasiya kimi qiymətləndirilə bilər. Təxminən belə: kommunikasiyalar açılırsa, bu, sülh deməkdir, müvafiq olaraq, Ermənistandan başqa heç nə gözlənilməməlidir. Halbuki, Azərbaycanın gözləntisi barış mühitinin fundamentallaşması üçün son dərəcə vacibdir. Ona görə ki, söhbət erməni xalqının sülh naminə iradə nümayişindən gedir.

Erməni xalqı və cəmiyyəti Ermənistan konstitusiyasının işğalçılığa və ərazi iddiasına söykənmiş preambulasına “yox” deməklə, səmimiyyət nümayiş etdirməlidir. Elə bir səmimiyyət ki, beynəlxalq aləmə mesaj olsun. Elə bir səmimiyyət ki, Paşinyandan sonrakı erməni liderləri nəyisə dəyişdirməyə cəhd göstərməsinlər. Dünya da görsün ki, Ermənistan adlı dövlətin mövcudiyyətindəki avantüra seqmenti aradan qalxıb. İstəyimiz həm də ondan ibarətdir ki, xaricdə heç bir qüvvə erməniləri Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün potensial kütlə qismində təsəvvürə gətirməsin.

Sonda ümumiləşdirmə apararaq belə nəticəyə gələk ki, Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərt sülhün institusionallaşdırılmasına xidmət amalına söykənməklə, erməni xalqı və cəmiyyəti üçün də müsbət mahiyyətlidir. Yəni ermənilər dünyaya mesaj verməli və bəyan etməlidirlər ki, beynəlxalq aləmdə kimsə və ya kimlərsə onları fitnəkar obrazında görməsinlər. Əvvəldə haqqında söz açdığımız cəsarət və iradə bunun üçün lazımdır. Lakin 7 iyun parlament seçkilərinin nəticələri göstərdi ki, hay cəmiyyətində sülh mövzusuna vahid münasibət yoxdur. Revanşist və şovinistlərin parlamentdə əhəmiyyətli şəkildə təmsil olunmaları fikrimizin sübutudur.

Ə.RÜSTƏMOV
XQ



Siyasət