Tarixin hər bir dönəmində millətlərin taleyi dahi liderlərin varlığı və ya yoxluğu ilə sınağa çəkilir. Zaman sübut etdi ki, dahi siyasi lider fenomeni və milli liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nə qədər unikal bir haldırsa, Heydər Əliyev şəxsiyyəti də müasir müstəqil Azərbaycan üçün bir o qədər əvəzsiz və unikal bir nicat rəmzi idi.
Onun 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi antimilli, qərəzli siyasi xəttə etiraz olaraq tutduğu yüksək vəzifələrdən cəsarətlə istefa verməsi ölkə daxilində və xaricində böyük əks-səda doğurmuşdu. Ermənilər bu fürsətdən dərhal istifadə etdilər, Azərbaycana qarşı pusquda duran xain qüvvələri hərəkətə keçdilər. İstefadan hələ iki həftə keçməmiş, erməni millətçiləri və onların sovet iqtidarının ən ali eşelonlarında yuva salmış himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi ilə bağlı çirkin məsələ qaldırdılar. Azərbaycan xalqının sonsuz faciələri, torpaq itkiləri və böyük ağrıları məhz o qara gündən etibarən başladı. Tarixi reallıq birmənalı olaraq göstərir ki, əgər həmin dövrdə Heydər Əliyev respublika rəhbərliyində və ya mərkəzi hakimiyyətdə təmsil olunsaydı, erməni şovinistləri və onların havadarları bu cür çirkin, məkrli əməllərə əl atmağa əsla cürət edə bilməzdilər.
Təəssüf ki, o illərdə respublikaya rəhbərlik edən Vəzirov rejimi Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə, onun zəngin dövlətçilik irsini silməyə çalışdı. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, bu böyük siyasi xadimi vaxtında respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan xalqı 20 Yanvar qırğınını, Xocalı soyqırımını görməz, Laçın və Şuşa kimi strateji qalalarımızın satqınlıq və xəyanət qurbanı olmasına şahidlik etməzdi.
Ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz bu qədər ağrılı, əzablı və qanlı yollardan keçməzdi. AXC–Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin yoxluğu, ölkədə fəaliyyət göstərən və rəsmi strukturlara tabe olmayan silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər daxili vəziyyəti artıq son həddə çatdırmışdı. Ölkəmizin ayrı-ayrı bölgələrində xarici kəşfiyyatın dəstəyi ilə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların daxildə qardaş qırğınına və amansız vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi xəritədən silinmək və məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
AXC–Müsavat cütlüyünün naşı və səriştəsiz idarəetməsi ölkəni hər an geridönməz olacaq bir uçuruma doğru sürükləyirdi. Yalnız və yalnız öz fərdi hakimiyyətlərini və kreslolarını saxlamağı düşünən bu qüvvələr millətə böyük faciələr gətirir, günahsız insanların cəbhədə və daxili çəkişmələrdə həlak olmasına şərait yaradırdılar. Dövlət idarəetməsində heç bir təcrübəsi, mənəvi haqqı və savadı olmayan, kriminal düşüncəli, təsadüfi şəxslərin dövlətin ən mühüm postlarına gətirilməsi suverenliyimizə birbaşa daxili təhdid yaradır, cəmiyyətdə görünməmiş bir mənəviyyatsızlıq və xaos mühiti formalaşdırırdı. Üstəlik, xarici siyasətdəki kor-koranə addımlar nəticəsində demək olar ki, bütün qonşu dövlətlərlə münasibətlər tamamilə korlanmışdı. Bəzi ölkələrə qarşı irəli sürülən əsassız və aqressiv iddialar Azərbaycanı regional müstəvidə düşmən qazanmağa məcbur etmiş, ölkəni tamamilə təcrid olunmuş vəziyyətə salmışdı.
Bütün bu qaranlıq amillər – 1991-1993-cü illər ərzində dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan hər bir təhlükə artıq ölkəmizdə pik həddə çatmış, 1993-cü ilin yayında respublikada həyatın bütün sahələrini dərin və sistemli bir böhran bürümüşdü. Millət tam bir ümidsizlik içində çırpınırdı. Belə bir fəlakətli vəziyyətdən yeganə çıxış yolunu axtaran Azərbaycan xalqı öz xilasını və gələcəyini yalnız və yalnız dahi rəhbər Heydər Əliyev simasında görürdü. Dövlətçilik anlayışından tamamilə bixəbər olan, hərbi birləşmələri öz şəxsi maraqları üçün istifadə edən ayrı-ayrı qiyamçıların və kriminal qrupların hədələrindən qorxub gizlənmiş, paytaxtda baş verən təhlükəli proseslərin qarşısını almaq iqtidarında olmadığını dərk edən AXC-Müsavat cütlüyü də dalana dirəndiyini görərək, sonda çarəsizlikdən Heydər Əliyevdən imdad istəməyə məcbur oldu.
Ulu öndər sonralar həmin günləri xatırlayarkən öz dərin fəlsəfi təhlili ilə vurğulayırdı: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Bəli, xalq öz iradəsi ilə ayağa qalxdı və öz dahi oğlunu tarixin ən böyük xilaskarlıq missiyasına çağırdı.
1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın və respublikanın çıxılmaz vəziyyətdə qalan hakim dairələrinin təkidli dəvətini qəbul edərək Bakıya gəldi. Taleyimizin həll olunduğu, ölüm-dirim savaşı apardığımız ağır bir zamanda millətin səsinə səs verərək yenidən böyük siyasətə və dövlət rəhbərliyinə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz bir fədakarlıq, böyük bir cəsarət nümayiş etdirdi. O, ölkəmizi ictimai-siyasi pərakəndəliyin, anarxiyanın və parçalanmanın məngənəsindən qurtardı, hər bir sahədə müşahidə olunan dərin tənəzzülün qarşısını qətiyyətlə aldı. Bu xilaskarlıq missiyasını öz çiyinlərinə götürən Ulu öndər, Bakıda hələ də hakimiyyət davasının getdiyi, güllələrin atıldığı bir vaxtda öz həyatını birbaşa təhlükə altında qoyaraq, heç bir tərəddüd etmədən dərhal Gəncəyə yollandı, hadisələri yerindəcə nəzarətə götürərək orada baş qaldırmış qorxulu qiyamın alovunu söndürdü, qardaş qırğınının qarşısını aldı.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etdiyi, getdikcə gərginləşən xaos mühiti və əhalinin gündən-günə ağırlaşan sosial-iqtisadi durumu ölkəni bu bəlalardan xilas edə biləcək, dağınıq qüvvələri vahid amal ətrafında birləşdirib xalqı öz arxasınca aparmağa qadir xarizmatik, qüdrətli bir liderə ehtiyac olduğunu mütləq şəkildə şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri – ziyalıdan tutmuş sadə zəhmətkeşə qədər hər kəs tam əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş, lakin məhv olmaq astanasına gəlmiş ölkəni düşdüyü bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə universal zəka və şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız böyük rəhbərin ətrafında polad bir yumruq kimi sıx birləşməklə öz gələcək taleyini özü həll etmək və müstəqilliyini əbədiləşdirmək niyyətində idi.
Budur, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, taleyüklü əhəmiyyəti olan ən müqəddəs günlərdən birinə çevrildi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, gələcək sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Az sonra, iyunun 24-də isə Milli Şuranın qanuni qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Xalqın bu qurtuluş sevinci və tarixin gedişatının dəyişməsi o qədər möhtəşəm idi ki, 1997-ci ilin iyun ayında Milli Məclis bu şərəfli günü rəsmən bayram günü – Milli Qurtuluş Günü elan etdi.
Ulu öndər Ali Sovetin sədri seçildiyi o tarixi gündə parlament kürsüsündən millətinə və dünyaya belə müraciət etmişdi: “Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm.
Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Ulu öndərin xalqımız və tariximiz qarşısında ən böyük, əbədi və unudulmaz xidməti kəskin geosiyasi ziddiyyətlərin, qanlı münaqişələrin mövcud olduğu çətin bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq fəlakətindən qurtarmasında idi. O, hər zaman öz müqəddəs andına sadiq qaldı. 1993-cü ilin payızında xalq böyük ruh yüksəkliyi və mütləq səs çoxluğu ilə öz tarixi seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümummilli Lider öz möhtəşəm andiçmə mərasimindəki tarixi nitqində xalqına olan sonsuz sevgisini bu sözlərlə ifadə edirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Heydər Əliyevin həyata keçirdiyi bu dahi xilaskarlıq və dövlət quruculuğu missiyası üç mühüm fundamental amilə söykənirdi:
Birincisi, xalqın öz böyük rəhbərinə olan möhkəm, sarsılmaz inamı, sevgisi və böyük dəstəyi;
İkincisi, Heydər Əliyev şəxsiyyətinin bənzərsiz böyüklüyü, idarəçilik qüdrəti və siyasi əzəməti;
Üçüncüsü isə Heydər Əliyevin mənsub olduğu doğma Azərbaycan xalqına, müqəddəs Vətəninə olan sonsuz və təmənnasız sevgisi.
Ümummilli lider dövlətin daxili və xarici problemlərinin köklü həlli üçün ölkədə vətəndaş həmrəyliyini, ictimai sabitliyi son dərəcə vacib və ilkin şərt sayırdı. O, hər zaman qətiyyətlə bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam mühit bərqərar edilməsə, heç bir sosial-iqtisadi proqramdan, yaxud hər hansı bir problemin həll edilməsindən söhbət belə gedə bilməz. Böyük şəxsi risklərə, sui-qəsd cəhdlərinə baxmayaraq, dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini cəsarətlə öz üzərinə götürən Ümummilli lider bütün səylərini məhz vətəndaş həmrəyliyinin bərqərar olunmasına yönəltdi və buna tamamilə nail oldu.
Heydər Əliyev rəhbərliyi ilə həyata keçən bu böyük qurtuluşun rəmzləri və qazanılan nailiyyətlər Azərbaycanı addım-addım intibaha apardı. İlk növbədə, ölkədə asayiş və qəti qayda-qanun bərqərar edildi, illərlə tüğyan edən soyğunçuluğa, anarxiyaya, vətəndaşların əmlakının zorla qəsb olunmasına birdəfəlik son qoyuldu. Qısa müddətdə pərakəndə dəstələrin əvəzinə vahid komandanlığa tabe olan nizami, güclü ordu yaradıldı, Birinci Qarabağ müharibəsində strateji atəşkəs əldə edilərək münaqişənin dinc və diplomatik yolla nizama salınmasına dair qlobal danışıqlara başlandı. Dövlət idarəetmə sistemi yenidən professional əsaslarla formalaşdırıldı, ümidini itirmiş insanlara öz milli dövlətinə olan inamı qaytarıldı. “Əsrin müqaviləsi” adı alan tarixi neft müqaviləsi – "Əsrin müqaviləsi" imzalandı, bununla da Azərbaycanın qlobal iqtisadi dirçəlişinin və maliyyə müstəqilliyinin sarsılmaz əsası qoyuldu.
Dövlət çevrilişlərinə cəhd edən qanunsuz silahlı qruplaşmaların və daxili xainlərin fəaliyyətinə birdəfəlik son verildi. Ölkədə müstəqil Azərbaycanın ilk demokratik parlament seçkiləri keçirildi və ümumxalq referendumu yolu ilə suveren dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Azərbaycanın çoxtərəfli beynəlxalq əlaqələri milli maraqlar çərçivəsində yenidən quruldu, ölkənin dünya birliyinə, beynəlxalq təşkilatlara inteqrasiyası prosesinə uğurlu start verildi. Siyasi islahatlar dərinləşdi, çoxpartiyalı sistem və azad cəmiyyət prinsipləri dövlətin əsas prioriteti oldu.
Peşəkar dövlət xadimi olan Heydər Əliyevin ən böyük gücü onun dərin və universal biliyində, polad qətiyyətində, inanılmaz işgüzarlığında, sarsılmaz hökmündə, qeyri-adi fitri yaddaşında, tükənməz peyğəmbəranə səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, dahi uzaqgörənliyində, qarşısına qoyduğu strateji məsələni nəyin bahasına olursa-olsun həyata keçirmək qabiliyyətində, müdrikliyində, böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə psixoloji təsir etmək gücündə idi. Məhz onun 1993-2003-cü illər rəhbərliyi dövründə qazanılmış sürətli və dayanıqlı inkişaf bugünkü möhtəşəm reallıqlarımızın, tarixi zəfərlərimizin aşınmaz bünövrəsidir. Həmin onillikdə görülmüş titanik işlər sayəsində Azərbaycan qlobal arenada öz prinsipial və diktəedici mövqeyini nümayiş etdirdi, dünyada böyük tərəfdaş və hörmətə malik dövlət oldu. Ölkə daxilində başlanan köklü islahatlar dövlətimizin gələcəyi üçün həlledici və xilaskar rol oynadı.
Ulu öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın əbədi xilaskarı, yeni Azərbaycanın qurucusu kimi həkk olunmuşdur. Xalqımız onun müqəddəs və silinməz xatirəsini hər zaman öz qəlbinin ən uca zirvəsində saxlayır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi sonsuz minnətdarlıq hissi ilə qeyd edir.
Əziz ƏLƏKBƏRLİ,
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

