Vətənə bağlanan ömür

post-img

Bu gün şəhidimiz Pərviz Balabəyovun doğum günüdür

Bəzən bir insanın ömrü illərlə deyil, Vətənə bəxş etdiyi xidmətlə ölçülür. Elə insanlar var ki, onların həyat yolu sadə görünür, lakin bu sadəliyin arxasında böyük fədakarlıq, sonsuz vətən sevgisi və xalqına sədaqət dayanır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz məhz belə insanlardır. Onların hər biri Vətən tarixinin şərəf salnaməsinə öz adını qızıl hərflərlə yazıb. Bu qəhrəman oğullardan biri də şəhid Pərviz Tofiq oğlu Balabəyovdur.

Pərviz Balabəyov 14 iyun 1987-ci ildə Hacıqabul şəhərində anadan olub. 1993–2004-cü illərdə Hacıqabul şəhər F. Cəbrayılov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ məktəb illərindən məsuliyyətli, vətənpərvər və zəhmətsevər xarakteri ilə seçilib.

2005–2007-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olsa da, hərb peşəsinə olan sevgisi onu yenidən ordu sıralarına qaytarıb. 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib.

Pərviz Balabəyov xidmət etdiyi dövrdə hər zaman üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. O, 2016-cı ilin 2–5 aprel tarixlərində baş vermiş Aprel döyüşlərində iştirak edərək düşmənə qarşı aparılan əməliyyatlarda şücaət göstərib. Döyüş yoldaşları arasında cəsarəti, qətiyyəti və peşəkarlığı ilə seçilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Minlərlə vətən övladı kimi Pərviz Balabəyov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. O, Füzuli istiqamətində aparılan döyüş əməliyyatlarında igidliklə vuruşaraq hərbi andına və Vətən qarşısındakı borcuna son nəfəsinədək sadiq qaldı. Elə müharibənin ilk günü – 27 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu.

Şəhid Pərviz Balabəyov Hacıqabul şəhərində torpağa tapşırılıb. Onun əziz xatirəsi ailəsinin, yaxınlarının, döyüş yoldaşlarının və bütün Azərbaycan xalqının qəlbində yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Pərviz Balabəyov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” , “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarıı ilə təltif edilib.

Şəhidlər ölmürlər. Onlar xalqın yaddaşında, azad edilən torpaqlarda dalğalanan üçrəngli bayrağımızda, gələcək nəsillərə örnək olan qəhrəmanlıq salnamələrində yaşayırlar. Pərviz Balabəyov da Vətən sevgisini həyatının mənasına çevirən, bu müqəddəs sevgi uğrunda canından keçən igid oğullarımızdandır. Onun şərəfli ömür yolu bir daha sübut edir ki, Vətən uğrunda verilən can əbədiyyətə qovuşan ömürdür. Bu gün azad Qarabağ torpaqlarında əsən hər külək, dalğalanan hər bayraq və yüksələn hər zəfər nəğməsi şəhidlərimizin müqəddəs ruhuna sonsuz ehtiramın ifadəsidir.

Nurəngiz Adilqızı

XQ

Sosial həyat