ABŞ və İran arasında sülh sazişi üzrə razılıq əldə edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ ilə İran arasında son həftələrdə müşahidə olunan gərginliyin diplomatik danışıqlar yolu ilə aradan qaldırıldığı bildirilir.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib. Onun sözlərinə görə, tərəflər əldə olunmuş razılıq çərçivəsində Livan da daxil olmaqla, regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırılması barədə razılığa gəliblər.

Ş.Şərif qeyd edib ki, əldə olunan razılaşmanın rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək. O, ABŞ və İran rəhbərliklərinə münaqişənin sülh yolu ilə həllinə sadiqlik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib.

“Gərginliyin diplomatik vasitələrlə aradan qaldırılması istiqamətində atılan addımları yüksək qiymətləndiririk. Bu proses regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”, – deyə Pakistanın Baş naziri vurğulayıb.

Ş.Şərif eyni zamanda, danışıqların uğurla nəticələnməsində vasitəçilik və dəstək göstərən Qətər, Səudiyyə Ərəbistanı Krallığı və Türkiyənin rolunu xüsusi qeyd edib.

Baş nazirin sözlərinə görə, razılaşma artıq qüvvəyə minib və yaxın günlərdə vasitəçilərin iştirakı ilə bir sıra mühüm görüşlər keçiriləcək. Bu görüşlər texniki məsələlərin dəqiqləşdirilməsi, razılaşmanın icra mexanizmlərinin müəyyənləşdirilməsi və rəsmi imzalanma mərasiminə hazırlıq məqsədi daşıyır.

Müşahidəçilər hesab edirlər ki, ABŞ və İran arasında əldə olunan bu anlaşma Yaxın Şərqdə uzun müddətdir davam edən gərginliyin azalmasına, regional dialoqun genişlənməsinə və yeni diplomatik əməkdaşlıq imkanlarının yaranmasına zəmin yarada bilər.

Dünya