Diaz Ahmetjanov: İçərişəhər ilk dəfə Tatar xalqının “Sabantuy” bayramına ev sahibliyi edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

Bakının İçərişəhər ərazisi ilk dəfə Tatar xalqının milli “Sabantuy” bayramına ev sahibliyi edib. Tədbirə Tatarıstan Respublikasının rəsmi nümayəndələri, incəsənət kollektivləri, idmançılar və çoxsaylı yerli və xarici qonaqlar qatılıblar.

XQ xəbər verir ki, Azərbaycandakı Tatar Gənclər Mərkəzinin sədri Diaz Ahmetjanov bildirib ki, bayram “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə təşkil olunub. Onun sözlərinə görə, “Sabantuy”un ilk dəfə məhz İçərişəhərdə keçirilməsi tatar icması üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu tədbir yalnız tatar icmasının deyil, həm də Azərbaycanın mədəni müxtəlifliyinin və multikultural dəyərlərinin təntənəsidir. Bayramın İçərişəhər kimi tarixi məkanda keçirilməsi bizim üçün böyük qürur mənbəyidir”, – deyə D.Ahmetjanov vurğulayıb.

Bayram proqramı çərçivəsində yerli tatar kollektivlərinin və Tatarıstandan gələn sənətçilərin iştirakı ilə rəngarəng konsert təşkil olunub. Tədbirə, həmçinin Tatarıstan Respublikası Baş nazirinin müavini Vasil Şayxraziyevin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti də qatılıb.

Festival iştirakçıları milli mətbəx nümunələri ilə tanış olub, müxtəlif mədəni çıxışları izləyib və idman yarışlarında iştirak ediblər. Tədbirin ən maraqlı məqamlarından biri isə tatarların ənənəvi idman növlərindən hesab edilən körəş üzrə keçirilən yarış olub.

Diaz Ahmetjanov qeyd edib ki, “Sabantuy” hər il çoxlu sayda qonaq və turistin diqqətini cəlb edən ənənəvi bayramlardan biridir. O, Azərbaycanın tolerant və çoxmədəniyyətli cəmiyyət olduğunu vurğulayaraq, tədbirin milliyyətindən və mənsubiyyətindən asılı olmayaraq hər kəs üçün açıq və maraqlı olmasının əsas məqsəd olduğunu bildirib.

Mədəniyyət