Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə İran arasında əldə olunan sazişi alqışlayaraq, bunu uzun müddətdir beynəlxalq ictimaiyyətin ehtiyac duyduğu mühüm diplomatik irəliləyiş kimi qiymətləndirib. Dövlət başçısı bu razılaşmanın regionda sülhün möhkəmlənməsi və sabitliyin təmin olunması baxımından vacib mərhələ olduğunu bildirib.
XQ xəbər verir ki, Ərdoğanın sosial şəbəkə hesabında etdiyi paylaşımda ABŞ-İran sazişinin Türkiyənin yerləşdiyi geniş coğrafiyada davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına mühüm töhfə verəcəyi vurğulanıb. Prezident bu prosesin regional gərginliyin azaldılması və dialoqun gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
Türkiyə lideri sazişin rəsmiləşdirilməsindən əvvəlki mərhələdə bütün tərəfləri ehtiyatlı davranmağa, gərginliyi artıra biləcək bəyanat və addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, mümkün təxribatların qarşısının alınması üçün ayıq-sayıqlıq və məsuliyyətli yanaşma mühüm rol oynayır.
Ərdoğan həmçinin danışıqların uğurla nəticələnməsi istiqamətində göstərilən vasitəçilik səylərinə görə Pakistana, diplomatik prosesə verdikləri dəstəyə görə isə Qətər və Səudiyyə Ərəbistanına təşəkkür edib. O, bu ölkələrin təşəbbüslərinin dialoqun davamlılığı baxımından önəmli olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara bundan sonra da regionda sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyəcək, beynəlxalq hüquq və diplomatiya çərçivəsində uzunmüddətli həll yollarının formalaşdırılmasına töhfə verməyə davam edəcək.

