Litva Seymi Belarusla sərhədyanı gediş-gəliş haqqında sazişin ləğvini nəzərdən keçirir

post-img

Ötən həftə Litva Seymi, Belarusla sərhədyanı ərazilərin sakinlərinin qarşılıqlı gediş-gəliş qaydaları haqqında imzalanmış, lakin qüvvəyə minməmiş sazişin ləğv edilməsi (denonsasiyası) məsələsinə baxmağa başlayıb.

XQ LRT-ə istinadən xəbər verir ki, sənəd sərhədyanı zona sakinlərinin xüsusi icazələr əsasında sərhədi keçməsinə və altı ay ərzində qonşu dövlətin ərazisində 90 günədək qalmasına imkan yaratmaq məqsədilə hazırlanıb.

Saziş 2010-cu ildə Minskdə imzalanıb və bir il sonra Litva tərəfindən ratifikasiya edilib. Lakin xarici işlər nazirinin müavini Vidmantas Varbitskasın sözlərinə görə, sənəd heç vaxt qüvvəyə minməyib.

"Belarus rəsmiləri sənədi ratifikasiya edə və hətta o zaman da Litvanı bu barədə məlumatlandıra bilmədilər... Başqa sözlə, vətəndaşlarımızın xoşniyyətli maraqları nəzərə alınmadı. Bu gün biz bu müqavilənin gələcəkdə mövcudluğu və fəaliyyət göstərməsi üçün heç bir imkan görmürük", - o, parlamentarilərə denonsasiya təklifini təqdim edərkən bildirib.

"Xarici İşlər Nazirliyinin rəyinə əsasən, sazişin qüvvəyə minmədiyi və imzalandığı gündən 15 ildən çox vaxt keçdiyi nəzərə alınaraq, sənəd hər iki tərəf üçün aktuallığını itirib, ona görə də onun ləğv edilməsi məqsədəuyğundur", - nazir müavini qeyd edib. Varbitskasın sözlərinə görə, sazişin ləğv edilməsi Litvanın ardıcıl xarici siyasətinə və milli təhlükəsizlik maraqlarına tam uyğundur.

Parlamentin Xarici İşlər Komitəsinin (XİK) üzvü Arminas Lideka həmkarlarını bu təklifi dəstəkləməyə çağıraraq bəyan edib ki, avtoritar lider Aleksandr Lukaşenko tərəfindən idarə olunan və Litvaya qarşı müxtəlif hibrid hücumlar təşkil edən bir Belarusla belə bir sazişə sahib olmaq normal deyil.

Təqdimatdan sonra Seymin 86 üzvü yekdilliklə bu dəyişikliklərin lehinə səs verib. Növbəti mərhələdə layihəyə əsas komitədə - XİK-də baxılacaq. Bu məsələnin plenar iclasda müzakirəsinə iyunun sonunda qayıdılması planlaşdırılır.

S.ELAY

XQ

Dünya