2027-ci ilin baharından etibarən Böyük Britaniyada 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrə çıxışı qadağan ediləcək. Bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer elan edib.
"Bu, mənim asanlıqla qəbul etdiyim bir qərar deyil... Lakin hökumətin fəaliyyəti həmişə seçimlərlə bağlıdır və mənim üçün tam qadağanın doğru seçim olduğu tamamilə aydındır. Söhbət uşaqların qorunmasından gedir", - Britaniya mediası Starmerdən sitat gətirir.
Britaniya Baş nazirinin sözlərinə görə, sosial şəbəkələr "xüsusi olaraq asılılıq yaratmaq üçün hazırlanıb" və "uşaqları daha bədbəxt edir", xuliqanlar və zorakılıq edənlər tərəfindən təqib və bullinq (psixoloji təzyiq) prosesini asanlaşdırır, həmçinin uşaqların psixi sağlamlığına zərər vura bilər.
Britaniya hökumətinin bəyanatında qeyd olunur ki, qərara əsas olaraq Avstraliyada istifadə edilən model götürülüb — orada analoji qadağa 2025-ci ilin dekabrından bəri qüvvədədir. Bu qadağa "Facebook", "Instagram", "Kick", "Reddit", "Snapchat", "Threads", "TikTok", "Twitch", "X" və "YouTube" platformalarını əhatə edib. Avstraliya qanunvericiliyinə əsasən, qayda pozuntusuna görə bütün məsuliyyət texnologiya platformalarının üzərinə düşür; yetkinlik yaşına çatmayanların hesablarının deaktiv edilməsi üçün mümkün olan bütün tədbirləri görməyən şirkətləri 49,5 milyon Avstraliya dollarınadək (32,9 milyon ABŞ dolları) cərimə gözləyir. Həmin vaxtdan bəri Avstraliya hakimiyyəti uşaqlara və yeniyetmələrə məxsus ən azı 4,7 milyon hesabı deaktiv edib.
Böyük Britaniyada tətbiq olunacaq cərimələrin məbləği hələlik açıqlanmır. Qadağa "WhatsApp" tipli messencerlərə şamil edilmir. Romantik ünsiyyət üçün nəzərdə tutulan süni intellekt (Sİ) çatbotlarından isə yalnız 18 yaşından etibarən istifadə etmək mümkün olacaq.
S.ELAY
XQ

