QMİ sədrinin ABŞ-a səfəri

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Yuta ştatında səfərdədir.

Səfər çərçivəsində Allahşükür Paşazadə Solt-Leyk-Siti şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak edib. O, konfrans iştirakçılarına müraciətində ABŞ-ın Yuta ştatının ictimaiyyətinə və din xadimlərinə Azərbaycanın multikultural dəyərlər ölkəsi kimi salamlarını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası həmrəyliyin dünyada nümunəvi modelə çevrildiyini vurğulayıb.

QMİ sədri ABŞ və Azərbaycanın dini konfessiyaları arasında dostluq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, həmçinin Azərbaycan xalqının ABŞ-ın ölkəmizin ərazi bütövlüyü və regionda sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Allahşükür Paşazadə Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfə verən “Bakı Prosesi”, eləcə də 2010-cu və 2019-cu illərdə keçirilmiş Dünya dini liderlərinin sammitləri, 2024-cü ildə COP29 çərçivəsində təşkil olunan Dini liderlərin zirvə görüşü barədə məlumat verib.

O qeyd edib: “Bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva multikulturalizmin dünya miqyasında təbliği sahəsində həyata keçirdiyi nəcib fəaliyyətlə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsinə mühüm töhfə verir”.

Səfər çərçivəsində QMİ sədri Yuta Ştatı Senatının sədri Adam Stüart ilə də görüşüb. Görüşdə Azərbaycan haqqında xoş sözlər səsləndirilib, ölkəmizin multikultural həyat tərzi yüksək qiymətləndirilib.

XQ

Son xəbərlər