Bu gün bp Azərbaycan kinematoqrafiyasına həsr olunmuş dörd cildlik ensiklopediyanı böyük məmnuniyyətlə ictimaiyyətə təqdim edib.
“Azərbaycan Kinosu. Yığcam ensiklopediya” adlı yeni nəşr, 1898–2025-ci illəri əhatə etməklə milli kinonun inkişaf tarixi haqqında bu günə qədər hazırlanmış ən əhatəli ensiklopedik bir mənbədir.
Tanınmış kinoşünas Aydın Kazımzadənin müəllifi olduğu bu elmi tədqiqat əsərində milli kinematoqrafiyanın inkişaf yolu dərin və hərtərəfli araşdırılır. Geniş arxiv tədqiqatlarına əsaslanan ensiklopediyada filmlər, kino yaradıcıları, studiyalar və Azərbaycanda kino sənayesinin yaranması və formalaşmasına təsir etmiş tarixi və mədəni mühit öz geniş əksini tapıb.
Tədqiqat Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, eləcə də digər studiyalarda, kino şirkətlərində və televiziya kanallarında 1898–2025-ci illərdə istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir. Ensiklopediyaya tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya filmləri, animasiya filmləri və 1898–2018-ci illərdə çəkilmiş “Mozalan” satirik kinojurnalları daxil edilib.
Nəşrin ilk iki cildində Azərbaycan kinosu tarixinin tam ensiklopedik təsviri təqdim olunur, qalan iki cild isə “Tammetrajlı bədii və animasiya filmlərinin əlifba göstəricisi” və “Kinorejissorların adlar göstəricisi” adlanır.
Ensiklopediyaya müəllifin, eləcə də ilkin kino yaradıcılarının və müxtəlif dövrlərdə kino sənayesinin inkişafına töhfə vermiş digər şəxslərin şəxsi arxivlərində qorunan nadir fotoşəkillər də daxil edilib. Bundan başqa, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxiv şöbəsi və Azərbaycan Dövlət Film Fondunun materiallarından da istifadə olunub.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Azərbaycan kinosunun 1898-ci ildə yarandığı gündən bəri keçdiyi tarixi yol mədəni inkişafımızın çox əlamətdar bir hissəsidir. Kinematoqrafiya yaradıcılığının bir əsrdən çox tarixini bu qədər dəqiqlik və fədakarlıqla sənədləşdirməklə hörmətli Aydın Kazımzadə incəsənət və akademik ictimaiyyətimiz üçün uzunmüddətli dəyər daşıyan bir əsər yaradıb. bp mədəni irsimizin qorunmasına və Azərbaycan kinematoqrafçılarının irsininin gələcək nəsillər üçün daim ilham mənbəyi olmasına xidmət edən belə bir layihəni dəstəkləməkdən qürur duyur.”
Əsas istinad mənbəyi kimi nəzərdə tutulmuş bu nəşr kino mütəxəssisləri, tarixçilər, tədqiqatçılar, müəllimlər və televiziya, mədəniyyət və incəsənət sahələrində çalışan mütəxəssislər, eləcə də Azərbaycan kinematoqrafiyasının yaranışı və yüz ildən çox inkişaf tarixinə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması və təşviqinə dəstək öhdəliyini əks etdirən bu layihə şirkətin dəstəyi ilə həyata keçirilən böyük bir mədəni irs proqramının bir hissəsidir. Proqrama bundan əvvəl icimaiyyətə təqdim olunmuş Mirzə Qədim İrəvaninin yaradıcılığı haqqında tədqiqat nəşri və bu gün təqdim olunan kino ensiklopediyası ilə yanaşı, Azərbaycan xalçalarına dair professor Kübra Əliyevanın müəllifi olduğu üç əsas elmi əsər də daxildir.
Layihəyə daxil olan qalan kitablar il ərzində ictimaiyyətə təqdim ediləcək.
Layihənin ümumi dəyəri proqramdakı səkkiz kitabın hazırlanması və nəşri də daxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir.
Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən həyata keçirilir.
XQ


.jpeg)
-(1).jpeg)
.jpeg)

-(2).jpeg)


