Qardaş ölkələr arasında əlaqələr yeni məzmun qazanır

post-img

Türk dövlətlərinin güclənməsi və vahid siyasi iradə ətrafında birləşməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsini, ortaq tarixi-mədəni dəyərlərin siyasi və iqtisadi əməkdaşlıq müstəvisində yeni məzmun qazanmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycan Türk dünyasının inteqrasiyasını təşviq edən, ortaq maraqların müdafiəsində fəal rol oynayan və inkişafa mühüm töhfələr verən aparıcı dövlətlərdən biridir. Prezident İlham Əliyevin Türk dünyası bizim ailəmizdir və Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir çağırışları Azərbaycanın bu istiqamətdəki prinsipial mövqeyini ifadə edir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və keçirilən məhsuldar görüşlər bir daha göstərdi ki, Azərbaycan qardaş dövlətlər arasında əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsində mühüm rol oynayır. Səfər çərçivəsində sənədlərin mübadiləsi və Prezidentlərin iştirakı ilə qardaşlıq münasibətlərinin rəmzinə çevrilən “Dostluq” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması Azərbaycan Türkmənistan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. Deputat söyləyib ki, Prezidentlər tərəfindən imzalanan Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini aydın və sistemli şəkildə ortaya qoydu. 
Ölkə başçısı keçirilən görüşlərdən sonra Türkmənistan Prezidentinin Azərbaycana səfərinə toxunaraq bildirdi ki, aparılan danışıqlarda ikitərəfli əməkdaşlığın əsas istiqamətləri ətraflı müzakirə olunub və münasibətlərin gələcək inkişafı üzrə konkret prioritetlər müəyyən edilib. Dövlət başçısı Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistana, xüsusilə də Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirərək qeyd etdi ki, ötən ilin iyulunda ölkəmizə səfər zamanı Füzuli şəhərində məscidin inşası təşəbbüsünün irəli sürülməsi və artıq tikinti işlərinə başlanılması Türkmənistan xalqının Azərbaycana olan səmimi dostluq və qardaşlıq münasibətinin bariz nümunəsidir. Münasibətlərin möhkəm təməli tarixi bağlar, ortaq mədəniyyət və mənəvi yaxınlıq üzərində qurulduğunu bildirən dövlətimizin başçısı Aşqabad, Arkadağ, Bakı və Gəncədə keçirilən Mədəniyyət Günlərini bu əməkdaşlığın canlı təzahürü adlandırdı. Bununla yanaşı Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri arasında formalaşan qardaşlıq münasibətləri iki ölkə arasında strateji əməkdaşlığın dərinliyini nümayiş etdirir. 

Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi dəstəyə görə də təşəkkürünü ifadə edərək bunu tarixi hadisə kimi qiymətləndirdi, qeyd etdi ki, ortaq tarixi və mədəni bağlar, eləcə də regional əməkdaşlıq formatları bu inteqrasiyanı daha da gücləndirir. Eyni zamanda nəqliyyat və logistika sahəsi də ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biridir. Bu sahədə həyata keçirilən layihələr ölkələrimiz və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. 

Bundan başqa artan yük axınlarının genişləndirilməsi və tranzit imkanlarının inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olundu.

Deputat sonda bildirib ki, Türkmənistan Prezidentinin ölkəmizə səfəri və imzalanan yeni sənədlər əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Ali qonağın qeyd etdiyi kimi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Azərbaycan Prezidentinin böyük xidmətləri var. Şübhəsiz ki, Sərdar Berdiməhəmmədov fikrində tam haqlı idi. Çünki Prezident İlham Əliyev bütövlükdə Türk dünyasının inkişafı istiqamətində fəal çalışır və əldə olunan uğurlar bunu aydın şəkildə təsdiqləyir.

Məhz bunun nəticəsidir ki, qardaş ölkələr arasında əlaqələr yeni məzmun qazanır və strateji tərəfdaşlıq daha da möhkəmlənir.

Siyasət