Seymur Səfərli: Proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir.

post-img

22 iyun 2026-cı il tarixində Biləsuvar şəhərində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

XQ müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərlinin nitqini təqdim edir:

"Bu gün biz Şirvan–Salyan iqtisadi rayonu üzrə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı mühüm bir sənədin – 2026–2030-cu illər üçün Dövlət Proqramının əsas istiqamətlərini müzakirə etmək üçün toplaşmışıq.

Şirvan şəhərini, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarını əhatə edən bu iqtisadi rayon ölkəmizin kənd təsərrüfatında mühüm yer tutur. Region pambıqçılıq, taxılçılıq, bostançılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə növbəti inkişaf mərhələsinin əsas yol xəritəsidir. Proqramın əsas fəlsəfəsi daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha çox dəyər yaradan aqrar sektorun formalaşdırılmasıdır.

Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir. Burada məqsəd yalnız əkin sahələrinin və heyvanların sayının artırılması deyil, mövcud torpaq, su, yem və digər istehsal resurslarından səmərəli istifadə etməklə hər hektardan, hər heyvandan və hər kubmetr sudan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir.

Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, emal və saxlama infrastrukturunun genişləndirilməsi, innovasiyaların və rəqəmsallaşmanın inkişaf etdirilməsidir.

Proqram 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu, sənədin yalnız ümumi yanaşmaları deyil, konkret tədbirləri, icra mexanizmlərini və ölçülə bilən nəticələri özündə birləşdirən kompleks inkişaf proqramı olduğunu göstərir.

Dövlət Proqramında buğda və pambıq məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, lazer hamarlamanın tətbiqi, intensiv heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi, saxlama, emal və logistika imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib.

Bununla yanaşı, proqram istehsalı dəstəkləyən qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşma tədbirlərini də əhatə edir. “Aqrar sahə haqqında”, “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” qanunvericiliyin təkmilləşdirilməsi, subsidiya və güzəşt mexanizmlərinin yenilənməsi, aqrar süni intellekt sisteminin genişləndirilməsi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin inkişaf etdirilməsi sahənin məlumatlara əsaslanan şəkildə idarə olunmasına xidmət edəcək.

Şirvan–Salyan iqtisadi rayonu ölkənin əsas pambıqçılıq bölgələrindən biridir. Xüsusilə Biləsuvar, Neftçala və Salyan rayonlarında pambıqçılıq uzun illər ərzində formalaşmış istehsal ənənələrinə, əmək ehtiyatlarına, suvarma və emal imkanlarına malikdir.

Pambıqçılığın inkişafında əsas məqsəd əkin sahələrinin genişləndirilməsindən daha çox, hər hektardan əldə olunan məhsulun və fermerin gəlirinin artırılması olmalıdır. Bunun üçün pambıq əkini daha uyğun torpaqlarda yerləşdirilməli, növbəli əkin sistemi tətbiq olunmalı, torpağın aqrokimyəvi göstəriciləri nəzərə alınmalı və bütün aqrotexniki tədbirlər optimal müddətlərdə yerinə yetirilməlidir.

Pambıq sahələrində lazer hamarlamanın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sahənin düzgün hamarlanması suyun bərabər paylanmasına, su itkilərinin azalmasına, bitkilərin eyni səviyyədə inkişafına və maşınla yığımın daha səmərəli təşkilinə imkan verir.

Eyni zamanda pambığın istehsalından hazır məhsula qədər dəyər zəncirinin inkişaf etdirilməsi vacibdir. Regionda yalnız xam pambıq istehsalı ilə kifayətlənməməli, mahlıc, pambıq yağı, yem məhsulları, iplik və digər məhsulların istehsalının genişləndirilməsi üçün özəl investisiyalar təşviq edilməlidir.

Regionun əsas kənd təsərrüfatı istiqamətlərindən biri də taxılçılıqdır. Taxılçılıqda əsas hədəf buğda və arpanın məhsuldarlığının yüksəldilməsi, yerli istehsal hesabına ərzaqlıq buğda təminatının artırılması və fermerlərin gəlirliliyinin yaxşılaşdırılmasıdır.

Suvarılan taxıl sahələrində lazer hamarlama, sprinkler və digər müasir suvarma üsulları tətbiq edilməlidir. 

Məhsul yığımının vaxtında və itkisiz aparılması da mühüm məsələdir. Kombaynların rayonlar və təsərrüfatlar üzrə düzgün yerləşdirilməsi, yığım qrafiklərinin əvvəlcədən hazırlanması və texnikadan birgə istifadə mexanizmlərinin formalaşdırılması məhsul itkilərinin azaldılmasına imkan verəcək.

Taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir. Regionda taxıl silolarının, qurutma, təmizləmə və çeşidləmə xətlərinin yaradılması fermerlərin məhsulu yığımdan dərhal sonra aşağı qiymətə satmaq məcburiyyətini azalda bilər.

Dövlət Proqramında ölkə üzrə taxıl silolarının ümumi tutumunun 1,9 milyon tondan təxminən 2,05 milyon tona, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun isə 400 min tondan təxminən 500 min tona çatdırılması hədəflənir.

Şirvan–Salyan iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına təsir göstərən məsələlərdən biri də torpaq sahələrinin xırda və parçalanmış olmasıdır. Bir fermerə məxsus və ya onun istifadəsində olan sahələrin müxtəlif yerlərdə yerləşməsi suvarmanın, aqrotexniki tədbirlərin və texnika xidmətlərinin səmərəli təşkilini çətinləşdirir.

Kiçik və nizamsız torpaq sahələrində müasir suvarma sistemlərinin qurulması, lazer hamarlamanın aparılması, iri kənd təsərrüfatı texnikalarının işlədilməsi və düzgün növbəli əkin sisteminin tətbiqi iqtisadi baxımdan səmərəli olmur.

Dövlət Proqramı çərçivəsində Qəbələ və Salyan rayonları torpaq konsolidasiyası üzrə pilot rayonlar kimi müəyyən edilib. Bu iki rayonda ümumilikdə 20 min hektar sahədə torpaqların konsolidasiyası, təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması və kadastr xəritələrinin yenilənməsi nəzərdə tutulur. Konsolidasiya mexanizmi hazırlanacaq normativ hüquqi akt, mülkiyyət və istifadə hüquqlarının qorunması, habelə tərəflərin mənafelərinin nəzərə alınması əsasında tətbiq edilməlidir. Konsolidasiya ilə paralel olaraq torpaq sahələrinin sərhədləri, istifadə vəziyyəti, şorlaşma səviyyəsi, su təminatı və istehsal potensialı rəqəmsal xəritələr əsasında qiymətləndirilməlidir. Bu məlumatlar hansı ərazilərin pambıq, taxıl, yem bitkiləri, bostan və digər məhsullar üçün daha uyğun olduğunu müəyyənləşdirməyə imkan verəcək.

Regionun kənd təsərrüfatının inkişafı birbaşa su təminatı və torpaqların meliorativ vəziyyəti ilə bağlıdır. Su ehtiyatlarının məhdudluğu şəraitində əsas vəzifə daha çox su tələb etmək deyil, mövcud sudan daha səmərəli istifadə etməkdir.

Dövlət Proqramına əsasən, ölkə üzrə müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılması nəzərdə tutulur. Şirvan–Salyan iqtisadi rayonu da bu prosesdə fəal iştirak etməlidir.

Pambıq, taxıl, yem bitkiləri və bostan sahələrində torpaq, bitki və sahənin ölçüsündən asılı olaraq damlama, sprinkler, pivot suvarma texnologiyalarından istifadə edilməlidir.

Heyvandarlıq regionun kənd təsərrüfatında mühüm yer tutur. İribuynuzlu heyvandarlıqda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, yem bazasının möhkəmləndirilməsi və intensiv təsərrüfat modellərinin genişləndirilməsi əsas hədəflərdəndir.

2030-cu ilə qədər ölkə üzrə süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması nəzərdə tutulur. Bu nəticələrə heyvanların sayının yalnız mexaniki şəkildə artırılması ilə deyil, hər heyvan üzrə məhsuldarlığın yüksəldilməsi ilə nail olunmalıdır.

Südlük və ətlik istiqamətli müasir təsərrüfatların yaradılması, sağım, soyutma və yemləmə proseslərinin mexanikləşdirilməsi, damazlıq işinin gücləndirilməsi və heyvanların identifikasiyası təmin edilməlidir.

Süd toplama məntəqələrinin yaradılması kiçik və orta fermerlərin istehsal etdiyi südün keyfiyyətinin qorunmasına, emal müəssisələrinə çatdırılmasına və satış imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Regionda qoyunçuluğun inkişafı üçün də imkanlar mövcuddur. Ənənəvi təsərrüfatlar mərhələli şəkildə yarımintensiv istehsal modelinə keçirilməli, ana qoyunların məhsuldarlığı, quzuların yaşama faizi və ət çıxımı artırılmalıdır.

Örüş və otlaqlarda növbəli otarma sistemi tətbiq edilməli, otlaq yükü ərazinin faktiki potensialına uyğunlaşdırılmalı və deqradasiyaya uğramış sahələrin bərpası həyata keçirilməlidir.

Dövlət Proqramının mühüm istiqamətlərindən biri də quşçuluğun inkişaf etdirilməsidir. Dövlət Proqramında 2030-cu ilə qədər quş əti istehsalının azı 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması nəzərdə tutulur.

Şirvan şəhərinin və Hacıqabul rayonunun əsas nəqliyyat yollarına, böyük istehlak bazarlarına və logistika imkanlarına yaxınlığı quşçuluq təsərrüfatlarının və emal müəssisələrinin yaradılması üçün əlverişli şərait yaradır.

İstehsalın genişləndirilməsi ilə yanaşı, quş kəsimi, çeşidləmə, qablaşdırma, soyutma və emal infrastrukturu da inkişaf etdirilməlidir. Məqsəd yalnız diri quş və ya ilkin məhsul istehsal etmək deyil, daha yüksək əlavə dəyərə malik hazır məhsulları bazara təqdim etməkdir.

Şirvan–Salyan iqtisadi rayonu, xüsusilə Neftçala və Salyan rayonları balıqçılıq və akvakulturanın inkişafı üçün xüsusi potensiala malikdir. Xəzər dənizinə, Kür çayına və digər su hövzələrinə yaxınlıq regionda həm təbii balıq ehtiyatlarının qorunması, həm də süni şəraitdə balıq yetişdirilməsi üçün geniş imkanlar yaradır.

Balıq ehtiyatlarının bərpası məqsədilə balıq körpələrinin yetişdirilməsi və su hövzələrinə buraxılması davam etdirilməli, bu tədbirlərin nəticələri elmi monitorinq əsasında qiymətləndirilməlidir.

Akvakulturanın inkişaf etdirilməsi təbii balıq ehtiyatlarına düşən təzyiqi azaltmaqla yanaşı, ilboyu sabit istehsalın və məşğulluğun təmin edilməsinə imkan verir. Dövlət Proqramında ölkə üzrə akvakultura məhsulları istehsalının 3,4 min tondan 7,7 min tona çatdırılması hədəflənir.

Bu məqsədə nail olmaq üçün regionda mövcud balıqçılıq təsərrüfatlarının modernləşdirilməsi, yeni akvakultura təsərrüfatlarının yaradılması və istehsala yararlı su hövzələrinin müəyyənləşdirilməsi vacibdir.

Şirvan–Salyan iqtisadi rayonunun torpaq-iqlim şəraiti, su ehtiyatları, istehsal ənənələri, əmək resursları və nəqliyyat imkanları kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafı üçün böyük potensial yaradır.

Əsas məsələ bu potensialı düzgün təşkilatçılıq, torpaq və su resurslarının səmərəli idarə edilməsi, dövlət dəstəyi, fermer məsuliyyəti və özəl sektor investisiyaları hesabına real nəticələrə çevirməkdir.

Pambıq və taxıl sahələrində məhsuldarlıq artırılmalı, bostançılıqda müasir texnologiyalar tətbiq edilməli, torpaq konsolidasiyası və növbəli əkin genişləndirilməli, heyvandarlıq və quşçuluqda intensiv istehsal modellərinə keçilməli, balıqçılıq və akvakulturada isə istehsaldan emala qədər tam dəyər zənciri formalaşdırılmalıdır.

Əminəm ki, aidiyyəti dövlət qurumlarının əlaqəli fəaliyyəti, fermerlərin təşəbbüskarlığı və dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə nəticəsində qarşıya qoyulan hədəflərə nail olunacaq.

Kənd Təsərrüfatı Nazirliyi olaraq fermerlər, sahibkarlar, emal müəssisələri və digər əlaqəli tərəflərlə əməkdaşlığımızı davam etdirəcək, ortaya çıxan problemlərin həlli və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində müvafiq tədbirlər görəcəyik."

İqtisadiyyat