Faiq Qürbətov: Son 5 il ərzində rayonun aqrar sektoruna 49.6 milyon manat investisiya yatırılmışdır

post-img

22 iyun 2026-cı il tarixində Biləsuvar şəhərində "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirə keçirilir.

XQ müşavirədə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun nitqini təqdim edir: 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə  aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və regionlarda istehsal potensialının artırılması prioritet istiqamətlər kimi müəyyən edilmiş və qarşıda duran məsələlərin həlli üçün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqramda kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, suvarma infrastrukturunun modernləşdirilməsi və fermerlərin dövlət dəstəyi mexanizmlərinə çıxışının daha da asanlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, innovativ texnologiyaların tətbiqi və aqrar sahədə emal sənayesinin genişləndirilməsi əsas hədəflər sırasında yer alır. Sözsüz, bu tədbirlər Biləsuvar rayonu da daxil olmaqla ölkənin bütün regionlarında kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir. 

Son illər aqrar sahədə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində kənd təsərrüfatının bütün istiqamətləri üzrə davamlı inkişaf təmin edilmiş, fermerlərin fəaliyyətinin genişləndirilməsi, onların maliyyə imkanlarının artırılması və müasir texnologiyalara çıxışının təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, subsidiyaların tətbiqi və aqrar sahəyə investisiyaların artırılması bu inkişafı daha da sürətləndirmişdir.

Bu siyasətin nəticəsi olaraq Biləsuvar rayonunda da iqtisadi inkişaf dinamik xarakter almış, investisiya mühiti daha da fəallaşmışdır. Son 5 il ərzində rayonun aqrar sektoruna 49.6 milyon manat investisiya yatırılmışdır 
2025-ci ildə rayon üzrə ümumi məhsul istehsalı 516 milyon 887,1 min manat təşkil etmişdir ki, (kənd təsərrüfatı-237 millyon 066,7 min manat, sənaye-129 milyon 674,2 min manat, tikinti- 5 milyon 504,1 min manat , nəqliyyat və anbar təsərrüvatı-10 milyon 344,1 min manat, informasiya və rabitə-1 milyon 955,2 min manat, ticarət-132 milyon 342,8 min manat), bununla da əvvəlki illə müqayisədə 4,0 faiz artım qeydə alınmışdır. İstehsalın 45,9 faizinin kənd təsərrüfatının payına düşməsi isə aqrar sektorun rayon iqtisadiyyatında aparıcı mövqe olduğunu göstərir.

Məlumat üçün bildirirəm ki, Biləsuvar rayonunun torpaq fondu 135789 hektardır ki, bundan da 110456-sı kənd təsərrüfatına yaralı torpaq sahələridir. Kənd təsərrüfatına yaralı torpaq sahələrinin 65378 hektarı əkin, 41638  hektarı örüş-otlaq, 3440 hektarı isə digər torpaq sahələrinə aiddir (çoxillik əkmələr, həyətyanı, dincə qoyulmuş torpaqlar). Biləsuvar rayonu üzrə mövcud olan əkin sahələrinin 58292 hektarı suvarılan torpaqlardır ki, bundan 5700 hektarı çətin suvarılan sahələrdir. 

Suvarılan əkin sahəsinin isə 42,08 min hektarı torpaq məcralı kanallarla suvarıldığından, suyun 30-40 faizi itkiyə gedir. Əkin sahələrini suvarmaq üçün Araz çayından qidalanan Cənubi Muğan kanalından və az miqdarda Bolqarçay çayından istifadə edilir. Cənubi Muğan kanalı torpaq məcralı olduğundan rayona nəql edilən suyun bir hissəsi də bu səbəbdən əkin sahəsinə çatmamış itkiyə gedir. 

Rayon üzrə əkin sahələrinin 7 086 hektarı dəmyə ərazilərə aiddir. Bu sahələrdə məhsuldarlıq əsasən yağıntıların miqdarından asılı olaraq dəyişir və əlverişli illərdə 20–25 sentner təşkil edir. Həmin ərazilərdə su təminatı olduğu təqdirdə məhsuldarlığın artmasına nail olmaq mümkündür. Müqayisə üçün qeyd edim ki, cari ildə intensiv yağıntılar səbəbindən bu torpaqlarda məhsuldarlıq 30 sentnerə çatmışdır.
Qeyd etmək lazımdır ki, Yeni və Köhnə Cənubi Muğan kanallarının, eləcə də Maşın qolu kanalının əsaslı şəkildə təmiri Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında da nəzərdə tutulmuşdur.

Əvvəlki illərdə rayonun əsas su ehtiyatı mənbəyi olan Bolqarçay su anbarı 1965-ci ildə istismara verilmiş və onun su tutumu 12 milyon m³ olmuşdur. Uzun illər baxımsızlıq  ucbatından anbar lil qatı ilə dolaraq  faydalı iş həcmi 120 min m³-ə qədər azalmışdır. Su anbarının təmizlənməsi işlərinin aparılması üçün dövlət büdcəsindən böyük həcmdə vəsait tələb olunduğundan proses müvəqqəti olaraq təxirə salınmışdır.

Taxılçılıq kənd təsərrüfatının strateji sahələrindən biri olmaqla ölkənin ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Biləsuvar rayonunda bu sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər sahələrdə becərmə işlərinin vaxtında aparılması, yüksək məhsuldar toxumlardan istifadə, mineral gübrələrin düzgün tətbiqi, eləcə də bitkilərin xəstəlik və zərərvericilərdən qorunması istiqamətində görülən tədbirlər məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərmişdir.

2025-ci ildə rayonda 31 677 hektar sahədən 96 min ton taxıl istehsal olunmuşdur. Məhsuldarlıq buğda üzrə 32,3 sentner, arpa üzrə 29,7 sentner təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə isə bu göstəricilər buğda üzrə 29,5 sentner, arpa üzrə isə 27,6 sentner təşkil etmişdir ki, bu da rayonun taxılçılıq sahəsindəki potensialını və fermerlərin zəhmətinin nəticəsini aydın şəkildə nümayişdir. 
2026-cı ildə 7490,5 ha buğda, 28116,5 ha arpa olmaqla ümumilikdə 35607 ha ərazidə taxıl əkilmişdir. Bu  günə qədər 1625 ha buğda, 19429 ha arpa sahəsində biçin aparılmışdır. Biçin aparılmış buğda sahələrindən 5525,0 ton, arpa sahələrindən 64116 ton məhsul əldə edilmişdir. Məhsuldarlılq müvafiq olaraq buğda  üzrə 34 sentner, arpa üzrə isə  33 sentner təşkil etmişdir. Təhlillərə əsasən yekinda buğda  üzrə 35 sentner, arpa üzrə isə  34 sentner məhsuldarlıq gözlənilir.

Biləsuvar rayonunun kənd təsərrüfatında mühüm yer tutan digər sahə pambıqçılıqdır. Pambıqçılıq həm ixrac yönümlü məhsul istehsalı, həm də məşğulluğun təmin olunması baxımından rayon iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir.

Son illərdə dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən dəstək fermerlərin bu sahəyə marağını daha da artırmışdır. Subsidiyalar, texnika təminatı, aqrotexniki xidmətlər və məhsulun satışına verilən dəstək pambıqçılığın inkişafına mühüm təkan vermişdir.
2025-ci ildə Biləsuvar rayonunda 8 min 28,4 hektar sahədə pambıq əkilərək, sahələrdən 32 min 517,2 ton xam pambıq tədarük edilmiş, məhsuldarlıq 40,5 sentner olmuşdur. Bu göstərici ilə rayonumuz respublika üzrə ikinci sırada yer almışdır. Qeyd etmək lazımdır ki, 2024-cü ildə məhsuldarlıq cəmi 35,9 sentner olmuşdur. 

Bu nəticələrə nail olmaq üçün, tərəfimizdən pambıqçılar qarşısında qoyulmuş əsas vəzifələrdən biri əkin sahələrinin genişləndirilməsi deyil, pambıqçılıq üçün münbit və sualtı torpaqların istifadəsi hesabına təmin etmək olmuşdur. Növbəti illərdə isə pambıqçılıq üzrə məhsuldarlığın 45-50 sentnerə çatdırılması planlaşdırılır.

Biləsuvar rayonu üzrə 2026-cı ildə “Prime Cotton” MMC tərəfindən 2190,0 ha, “Azərpambıq” MMC tərəfindən 2342,2 ha, “P-Aqro” MMC tərəfindən 1220,0 ha və “Cotton Trade”  MMC tərəfindən 2437,0 ha olmaqla rayon üzrə 8189,2 ha sahədə pambıq əkilmişdir.

Bu gün müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyətə malikdir. Rayon ərazisində fəaliyyət göstərən “Aqropark Yaşıl Ada” MMC və “Lidnov Agro” MMC tərəfindən son dövrlərdə tətbiq edilən pivot suvarma sistemləri məhsuldarlığın artırılmasına və su ehtiyatlarından səmərəli istifadəyə şərait yaradır. 

Hazırda Biləsuvar rayonunda fəaliyyət göstərən “Aqropark Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 992 hektar sahədə 20 ədəd pivot qurğusu quraşdılmış, növbəti illərdə əlavə olaraq 200 hektar sahədə də pivot qurulmuşdur. Aqro Park Yaşıl Ada MMC 2025-ci ildə 147 ha.-da ərzaqlıq buğda əkərək 40 sentner məhsul toplamışdır. 2026-cı ildə 252 ha ərzaqlıq buğda əkilmiş sahədən 45-50 sentner məhsul gözlənilir. 2027-ci il üçün 1000 hektar ərazidə ərzaqlıq buğda əkilməsi, məhsuldarlığın 50-60 sentnerə çatdırılması nəzərdə tutulmuşdur. 

Aqro Park 2025-ci ildə əkdiyi 1712 ha. ərazidə, ondan pivod altında olan 788 ha.-da əkilmiş pambıq sahələrindən 45 sentner məhsul toplamışdır. Cari ildə şirkət tərəfindən pambıq sahəsi 2000 ha.-a qədər artırılmış, məhsuldarlıq isə 50-60 sentner nəzərdə tutulmuşdur. Aqropark tərəfindən 2027-ci ildə 2200,0 hektarda pambıq əkilməsi planlaşdırılır. 

2024-cü ildə “Lidnov Agro” MMC tərəfindən 2042,5 hektarlıq əkin sahəsinin 750 hektarında quraşdırmış 6 ədəd pivot suvarma sistemi, ərazidə elektrik xətti olmadığından, elektrik təchizatı generatorlar vasitəsi həyata keçirilmiş, bu isə şirkət üçün iqtisadi cəhətdən xərclərin artmasına gətirib çıxarmışdır. Məlumat üçün bildirirəm ki, bir neçə gün öncə ərziyə elektrik xəttinin çəkilişi ilə bağlı məsələ həllini tapmışdır. Növbəti illərdə “Lidnov Agro” MMC tərəfindən əlavə 800 hektar sahədə pivot sisteminin qurulmasını da nəzərdə tutmuşdur. 
Eyni zamanda şirkət, yüksək reproduksiyalı toxum istehsalı üzrə Ərzaqlıq Buğda proqramında da iştirak etməklə 2026-cı ildə 552.5 ha.-da ərzaqlıq buğda əkinin aparılması, məhsuldarlığın növbəti ildə 30-40 sentner, sonrakı illərdə isə 45-50 sentnerə çatdırılmasını hədəf qoymuşdur.

Əlavə olaraq məlumat üçün bildirirəm ki, Biləsuvarda fəaliyyət göstərən Azərsun MMC şirkəti tərəfindən 2025-ci ildə əkilmiş 653 ha, ərzaqlıq buğda sahələrindən 50 sentner məhsul toplanmış, 2026-cı ildə isə buğda əkininin 712 ha ərazidə aparılması, məhsuldarlığın isə 55 sentnerə çatdırılması nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq və quşçuluqda da son illər nəzərə çarpacaq artım əldə olunmuşdur. Belə ki, rayon üzrə iribuynuzlu mal-qaranın sayı 2024-cü ildə 39682, 2025-ci ildə 40110, xırdabuynuzlu mal-qaranın sayı 2024-cü ildə 141099, 2025-ci ildə 141726, quşların baş sayı isə 2024-cü ilə nisbətən 12000 ədəd artaraq 2025-ci ildə 390450 baş olmuşdur. Məlumat üçün bildirirəm ki, quş əti istehsalı son 5 ildə 2 dəfə artaraq  2611 tona çatmışdır. 

Biləsuvar rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və qarşıda duran məsələlərlə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətində 05 iyun 2026-cı il tarixdə iri təsərrüfat rəhbərlərinin və fermerlərin iştirakı ilə görüş keçirilmişdir. Tədbirdə sahənin inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və mövcud problemlərin həlli istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.

Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması məqsədilə, yüksək məhsuldar və iqlim şəraitinə davamlı yerli pambıq toxum sortlarının əkinlərdə istifadəsinin genişləndirilməsi üçün toxum tədarükçüsü şirkətlərinə müvafiq kvotaların müəyyənləşdirilməsi;
Rayon üzrə əkin sahələrinin 11 faizini, o cümlədən payızlıq əkinin 20 faizini təşkil edən dəmyə ərazilərdə növbəli əkinin aparılmasına şərait olmadığından, dincə qoyulmuş torpaqlara görə subsidiyaların verilməsi ilə bağlı Aqrar Subsidiya Şurasının müvafiq qərarına Biləsuvar rayonunun da daxil edilməsi;

Rayonumuzda taxıl sahələrinin həcmini nəzərə alaraq, məhsul yığımı dövründə biçin prosesinin daha operativ həyata keçirilməsi məqsədilə “Aqrolizinq” ASC tərəfindən  rayonda fəaliyyət göstərən kombaynların sayının artırılması;

Çətin suvarılan ərazilərdə mövcud suvarma kanallarının yenidən qurulması, beləliklə vaxta və suya qənaət edilməsi, həmin torpaqlarda məhsuldarlığın artırılmasına nail olunması;

Bolqarçay su anbarının lil və çöküntülərdən təmizlənməsi işlərinin sürətləndirilməsi;

Əminik ki, səsləndirilən təklifləri reallaşdırmaqla rayonumuzda kənd təsərrüfatında  məhsuldarlığın artırılmasına nail olacayıq.

Əminik ki, dövlətimizin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, fermerlərimizin zəhməti və aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində Biləsuvar rayonu gələcək illərdə də kənd təsərrüfatı sahəsində ölkənin aparıcı rayonlarından biri olaraq qalacaqdır."

İqtisadiyyat