Qazaxıstanda daxili işlər orqanlarının modernləşdirilməsi və rəqəmsal transformasiyası çərçivəsində polislər müasir pilotsuz aviasiya texnologiyalarını mənimsəyirlər.
Qazaxıstan DİN xəbər verir ki, qurumun Əməliyyat-Kriminalistika Departamentinin bazasında tədris-məşq laboratoriyası açılıb. Burada polis əməkdaşları dronların idarə olunması üzrə kompleks hazırlıq keçirlər.
Təlim bir neçə mərhələdən ibarətdir: nəzəri kurs, xüsusi simulyatorlarda iş və kompüterdə praktiki məşğələlər. Pilotsuz uçuş aparatlarının real xidməti tapşırıqlarda - operativ reaksiya tədbirlərindən axtarış əməliyyatlarınadək tətbiqinə xüsusi diqqət yetirilir.
Pilotsuz uçuş aparatları polis əməkdaşlarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Onlardan gecə müşahidəsi və aerokəşfiyyat üçün istifadə olunur. Dronlar qaranlıq vaxtlarda və mürəkkəb hava şəraitində insanların axtarışını səmərəli aparmağa imkan verir.
Bundan başqa, dronlar hadisə yerinin havadan operativ şəkildə müşahidəsini təmin edir, istintaq-əməliyyat qrupu gələnədək vəziyyəti qeydə almağa və mühüm detalları saxlamağa imkan yaradır.
Pilotsuz uçuş aparatları həmçinin çətin keçilən ərazilərin - dağlıq yerlərin, çöl sahələrinin və tərk edilən obyektlərin yoxlanılması üçün tətbiq olunur. Bu, itkin düşən vətəndaşların axtarışının səmərəliliyini artırır, habelə axtarışda olan şəxslərin müşahidəsi və saxlanılması zamanı gizli və təhlükəsiz nəzarət aparmağa kömək edir.

