Qalibafdan ABŞ-a sərt mesaj: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İran İslam Respublikası Parlamentinin sədri və ABŞ ilə aparılan danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmmədbaqer Qalibaf Vaşinqtonun son bəyanatlarına münasibət bildirib. O, ABŞ Prezidenti Donald Trampın İrana yönəlmiş xəbərdarlıqlarına cavab olaraq ölkəsinin hər hansı təhdid qarşısında geri çəkilməyəcəyini vurğulayıb.

Məhəmmədbaqer Qalibaf bu barədə sosial şəbəkədəki rəsmi hesabında paylaşım edərək ABŞ rəhbərliyinin son açıqlamalarını tənqid edib. Parlament sədri qeyd edib ki, Vaşinqtonun uzun illərdir davam edən təzyiq və təhdid siyasəti gözlənilən nəticələri verməyib.

“Əgər onların təhdidlərinin real nəticəsi olsaydı, bu gün qarşılaşdıqları çıxılmaz vəziyyətə düşməzdilər. Biz ABŞ tərəfindən səsləndirilən təhdidləri əhəmiyyətsiz hesab edirik”, – deyə Qalibaf bildirib.

İran rəsmisi əlavə edib ki, ABŞ tərəfi qarşıdurma ritorikasını davam etdirmək əvəzinə, öz mövqeyini və bəyanatlarını yenidən nəzərdən keçirməlidir. Onun sözlərinə görə, İranın Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn istənilən addıma adekvat və fərqli formada cavab vermək iqtidarındadır.

“Onlar öz bəyanatlarının nəticələrini diqqətlə qiymətləndirməlidirlər. İran Silahlı Qüvvələri hər hansı təhdidə lazımi şəkildə cavab verməyə tam hazırdır”, – deyə parlament sədri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında təhlükəsiz və fasiləsiz gəmiçiliyin təmin olunması, eləcə də regiondakı müttəfiq qüvvələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tələblərə əməl etməyəcəyi təqdirdə Tehrana qarşı yeni və daha sərt tədbirlərin görülə biləcəyini bəyan etmişdi.

Hazırda ABŞ və İran nümayəndələri arasında vasitəçilərin iştirakı ilə diplomatik təmaslar davam edir. Tərəflər arasında aparılan danışıqların əsas məqsədi regional təhlükəsizlik, nüvə proqramı ətrafında fikir ayrılıqlarının aradan qaldırılması və gərginliyin azaldılması istiqamətində mümkün həll yollarının müzakirəsidir.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, son bəyanatlar Vaşinqton və Tehran arasında münasibətlərdə gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərsə də, diplomatik kanalların açıq saxlanılması tərəflər arasında mümkün eskalasiyanın qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Dünya