Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistan Baş naziri Şahbaz Şərif və Pakistan Ordusunun Baş Qərargah rəisi feldmarşal Asim Munir İsveçrədə ABŞ–İran xəttində aparılan diplomatik proseslər fonunda ABŞ vitse-prezidenti C.D.Vensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçiriblər.
Məlumata görə, görüş Vaşinqton və Tehran arasında planlaşdırılan texniki danışıqların başlamasından əvvəl baş tutub və daha geniş diplomatik formatın tərkib hissəsi kimi qiymətləndirilir. Tərəflər regionda gərginliyin azaldılması və danışıqların davamlılığının təmin olunması istiqamətində müzakirələr aparıblar.
Eyni vaxtda İsveçrədə çoxkanallı diplomatik mexanizm də aktivləşib. Bildirilir ki, İran nümayəndə heyəti ilə vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Günün ikinci yarısında isə İran və ABŞ nümayəndə heyətlərinin Qətər və Pakistanın iştirakı ilə dördtərəfli formatda masa arxasına əyləşməsi planlaşdırılır.
Prosesin məqsədi tərəflər arasında birbaşa təmasların genişləndirilməsi, texniki səviyyədə irəliləyiş əldə edilməsi və uzunmüddətli siyasi razılaşma üçün zəminin möhkəmləndirilməsi kimi qiymətləndirilir.

