Ənənəvi güc mərkəzləri regionda yaranmış sabitlik və sülh perspektivini qlobal təhlükəsizlik prosesinin əsas qarantı kimi dəyərləndirirlər. Bu kontekstdə Qərb diplomatiyasının Cənubi Qafqaz istiqamətində yürütdüyü siyasətdə pozitiv dəyişikliklər müşahidə edilir. Böyük Britaniyanın və Danimarka Krallığının Azərbaycandakı səfirlərinin dilindən səslənən fikirlər yaranmış yeni siyasi mənzərənin təsdiqidir. Qlobal güclər dayanıqlı sülhün və strateji tərəfdaşlığın institusional əsaslarını qurmağa çalışırlar. Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dunkan Norman uzun illərdən sonra ilk dəfə Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün real perspektivin yarandığını vurğulayarkən, bütövlükdə Avroatlantik məkanda formalaşan yeni təhlükəsizlik paradiqmasına işarə edir.
Rəsmi Londonun təmsilçisi sülhün bərqərar olmasını yalnız dövlətlərarası məhdud əlaqələr çərçivəsində qiymətləndirmir, eyni zamanda, mövcud reallığı genişmiqyaslı geostrateji imkanlar qapısı adlandırır. Dunkan Norman açıq şəkildə bildirir ki, sülh və sabitlik region ölkələri arasında ticarət, investisiya və əlaqələndirmə sahələrində tamamilə yeni perspektivlər açacaq. Diplomatın toxunduğu önəmli məqamlardan biri də sülhün uzunmüddətli və dayanıqlı olmasının təmin edilməsi vəzifəsidir. Beynəlxalq siyasi nəzəriyyəyə əsasən, sülhün dönməz xarakter alması məqsədilə tərəflər arasında çoxşaxəli siyasi təminat amilləri qurulmalıdır. Böyük Britaniya qeyd edilən prosesdə vasitəçi və dəstəkləyici tərəf qismində iştirak etməkdə maraqlı olduğunu nümayiş etdirir. Səfir eyni vaxtda Azərbaycan xalqının səmimiyyəti və qonaqpərvərliyi məsələsini xüsusi dəyərləndirərək xalqlararası ictimai diplomatiyanın siyasi əlaqələrin möhkəmlənməsində həlledici rol oynadığını önə çəkir. Xalqlararası inamın formalaşması rəsmi dairələrin apardığı qlobal siyasətin cəmiyyətlər tərəfindən asanlıqla mənimsənilməsinə şərait yaradır. Böyük Britaniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq fərqli sahələri əhatə edərək çoxdan yüksək səviyyəli hərbi-təhlükəsizlik müstəvisinə adlayıb. Səfir tərəfindən verilən mesajlar məhz göstərilən məqsədlərin tam reallaşmasına ünvanlanıb.
Cənubi Qafqaz uzun onilliklər boyu müxtəlif hərbi və siyasi toqquşmaların episentri rolunu oynayıb. Lakin indiki dövrdə yaranmış status-kvo keçmişin bütün neqativ paradiqmalarını alt-üst edərək tam fərqli reallıq bərqərar edib. Azərbaycan artıq böyük güclərin rəqabət meydanı statusundan tamamilə imtina edərək, iradəli ölkəyə çevrilib. D.Normanın Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı səsləndirdiyi nikbin proqnozlar təsadüfi məzmun daşımır, əksinə, dərin siyasi hesablamalara əsaslanır. Böyük Britaniya ənənəvi olaraq regiondakı qüvvələr balansını incə detallarına qədər izləyən və proseslərə adekvat reaksiya verən aparıcı dövlətdir. Rəsmi Londonun yeni şəraitdə Azərbaycanı dinamik, qlobal əlaqələrə malik mərkəz adlandırması respublikamızın geostrateji əhəmiyyətinin Qərb siyasətçiləri tərəfindən yüksək səviyyədə təsdiqlənməsi deməkdir.
* * *
Avropa İttifaqına üzv dövlətlərin Cənubi Qafqaz istiqamətində yürütdükləri xarici siyasət kursunda müşahidə edilən aktivlik Danimarkanın iqamətgahı Ankarada olan həm də Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ole Toftun fikirlərində bariz şəkildə öz əksini tapır. O.Toft yerli mediaya müsahibəsində ölkələrimiz arasında mövcud tarixi və aktual siyasi vəziyyət barədə dərin təhlillər aparı. Səfir xüsusilə hər iki dövlətin Avropa təhlükəsizlik arxitekturasındakı mövqeyinə diqqət çəkib. Onun vurğuladığı əsas məqamlar arasında Azərbaycan Prezidentinin Danimarkaya səfəri və Avropa Əlaqələri üzrə Əməkdaşlıq Şurasının (AƏƏK) toplantısında iştirakı xüsusi yer tutur. Bu yüksək səviyyəli görüşlər Skandinaviya ölkələri ilə rəsmi Bakı arasındakı siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübuta yetirir. Qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu beynəlxalq platformalarda Danimarka və Azərbaycan kimi dövlətlərin müştərək fəaliyyəti beynəlxalq həmrəyliyin elementidir. Danimarka Baş nazirinin Bakıda keçirilən COP29 konfransında iştirakı ikitərəfli əlaqələrin yalnız sözdə qalmadığını, eyni zamanda, əməli müstəvidə reallaşdığını təsdiqləyir. Diplomatın qeyd etdiyi kimi, sadalanan yüksək səviyyəli qarşılıqlı təmaslar müstəsna əhəmiyyət daşıyır.
Böyük qlobal tədbirlərə ev sahibliyi etmək beynəlxalq aləmdə dövlətin siyasi imicini və təsir imkanlarını müəyyənləşdirən güclü indikatorlardan sayılır. Danimarka səfiri açıq şəkildə bildirir ki, Azərbaycan qlobal əhəmiyyətli yığıncaqların keçirildiyi etibarlı məkan kimi tanınır. Bəli, Bakı mütəmadi olaraq dünyanın ən nüfuzlu təşkilatlarının sammitlərinə ev sahibliyi edir. COP29 konfransının böyük uğurla baş tutması dövlətin beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək bacarığını nümayiş etdirdi. Səfir əlavə olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının konqresini və Ümumdünya Şəhərsalma Forumunu (WUF13) xatırladaraq, rəsmi Bakının təşkilatçılıq qabiliyyətinin qüsursuz səviyyəsini vurğulayır. Sözügedən beynəlxalq tədbirlər, sadəcə, xüsusiləşdirilmiş toplantılar xarakteri daşımayıb, qlobal idarəçilik sisteminin vacib siyasi seqmentləridir. Məhz oxşar yığıncaqlarda dünya liderləri yeni siyasi prioritetləri müəyyən edir, gələcək onilliklərin qlobal çağırışlarına adekvat reaksiyalar formalaşdırırlar. Yaxın gələcəkdə – 2028-ci ilin yaz aylarında Azərbaycanın Avropa Əlaqələri üzrə Əməkdaşlıq Şurasının toplantısına ev sahibliyi etməsi barədə verilən qərar rəsmi Bakının Avropa məkanındakı nüfuzunun şəriksiz qəbul edildiyini göstərir. Avropa Əlaqələri üzrə Əməkdaşlıq Şurası qitənin ən mötəbər siyasi instansiyalarından hesab olunur. Məlum qurumun başlıca missiyası dövlətlər arasında strateji dialoq pəncərəsi yaratmaq və ortaq təhlükəsizlik çağırışlarına adekvat cavab tapmaqdır. İclasın Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq nüfuzunun təntənəsidir. Həmin toplantı çərçivəsində yüzlərlə yüksək çinli rəsmilərin ölkəmizə təşrif buyurması xüsusi siyasi mesaj daşıyır. Qərb diplomatları yaxşı dərk edirlər ki, rəsmi Bakının irəli sürdüyü diplomatik konsepsiyalar abstrakt xülyalara əsaslanmır, tamamilə praqmatik, reallaşdırılması mümkün proqramları əhatə edir.
Ölkəmiz qlobal qütbləşmənin kəskinləşdiyi zaman kəsiyində mətanətini qoruyub saxlamağı, rasional qərarlar verməyi bacarıb. Danimarka və Britaniya səfirlərinin açıqlamaları məhz sözügedən rasionallığa verilən ali qiymətdir. Dünya miqyaslı tədbirlərin, mötəbər sammitlərin keçirilmə məkanı olaraq Bakının seçilməsi sadalanan tezislərin təkzibedilməz təsdiqidir. Qlobal böhranların həll mərkəzi kimi çıxış etmək fərqli mədəniyyətləri və sivilizasiyaları vahid masa ətrafında toplamağı tələb edir. Müxtəlif qütblərdə dayanan rəqiblərin Bakıda problemsiz təmas qura bilməsi dövlətin tərəfsizliyini, beynəlxalq hüquqa sadiqliyinin göstəricisidir.
Beynəlxalq münasibətlər sistemində qeydə alınan mütləq diplomatik uğurlar bilavasitə Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, rasional və hədəfyönlü xarici siyasət strategiyasının qanunauyğun nəticəsidir. Rəsmi Bakının yürütdüyü uzaqgörən strategiya qlobal qütblərin davranışlarını tənzimləyən qüdrətli struktur səviyyəsinə yüksəlib. İlham Əliyevin müəllifi olduğu xarici siyasət məktəbi ən kəskin geosiyasi böhranlar fonunda milli maraqların sarsılmaz mühafizəsini təmin edərək, gələcək onilliklərin dayanıqlı sülh modelini faktiki olaraq qlobal idarəçilik mərkəzlərinə qəbul etdirir.
Yusif ŞƏRİFZADƏ
XQ

