İyunun 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəmər Adaları İttifaqının maliyyə, büdcə və bank sektoru naziri Moussa Abderemane ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Qəmər Adaları İttifaqı arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər xüsusilə beynəlxalq təşkilatlar və platformalar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin Cənub-Cənub əməkdaşlığı çərçivəsində inkişaf edən əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycanın bu platforma daxilində az inkişaf etmiş ölkələr ilə əməkdaşlığın təşviqi istiqamətində səyləri yüksək qiymətləndirilib.
***
Həmin gün xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemannla ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya, təhsil, səhiyyə və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan ilə Almaniya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin və təmasların münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialı müzakirə ediblər.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinin, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
XQ

