Mədəniyyətə çevrilən sərvət

post-img

Pedaqoq İradə Tağıyevanın timsalında maarifçilik ənənələri və mədəni kapitalın formalaşması

XIX–XX əsrlərin qovşağında Bakı şəhərində formalaşmış maarifçi mühit Azərbaycan cəmiyyətinin modernləşmə prosesində həlledici rol oynamışdır. Bu dövrdə iqtisadi yüksəlişin mədəni və intellektual kapitala çevrilməsi təsadüfi xarakter daşımırdı. Aşurbəyovlar kimi tanınmış Bakı nəsilləri sərvəti ictimai inkişafın strateji resursu kimi dəyərləndirirdilər. 

Bu maarifçi-xeyriyyəçi xəttin ən parlaq simalarından biri Nabat xanım Aşurbəyova olmuşdur. O, Bakı neft burjuaziyasının imkanlarını şəhərin sosial, dini, mədəni və humanitar ehtiyaclarının ödənilməsinə yönələn məsuliyyət modeli kimi dəyərləndirirdi. Nabat xanımın adı Təzəpir məscidinin inşası, Şollar su kəmərinin çəkilişinə maddi dəstək, Sabunçudakı xəstəxanada kasıb və kimsəsizlərin müalicəsinin təmin edilməsi, eləcə də ehtiyaclı insanlar üçün pulsuz xidmət göstərən hamamların təşkili ilə bağlı olaraq Bakı xeyriyyəçilik tarixində xüsusi yer tutur.

Təzəpir məscidinin tikintisi bu baxımdan dini-memarlıq hadisəsi olmaqla bərabər, həm də milli memarlıq məktəbinin formalaşması baxımından mühüm mərhələ idi. Nabat xanım ilk diplomlu azərbaycanlı memarlardan olan Zivər bəy Əhmədbəyovu məscidin layihələndirilməsinə cəlb etmiş, onun Şərq ölkələrinə ezam olunmasına şərait yaratmışdı ki, gələcək məbədin memarlıq həlli islam memarlığının ənənələrinə, Bakı mühitinin estetik ruhuna və milli zövqə uyğun şəkildə hazırlansın. Bu addım xeyriyyəçiliyin peşəkar kadr hazırlığına, mədəni zövqün formalaşmasına və şəhərsalma düşüncəsinin inkişafına yönəlmiş uzaqgörən bir fəaliyyət olduğunu göstərir.

Ailə xatirələrində Nabat xanımın və Aşurbəyovlar mühitinin Nobel qardaşlarının Bakıdakı sənaye fəaliyyəti ilə də müəyyən sosial məsuliyyət müstəvisində kəsişdiyi bildirilir. Bu xatirələrə görə, neftdən əldə olunan gəlirin bir hissəsinin işçilərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, fəhlə qəsəbələrinin salınmasına, təhsil, səhiyyə və sosial yardım təşəbbüslərinə yönəldilməsi həmin dövrün Bakısında formalaşan yeni xeyriyyəçilik mədəniyyətinin mühüm göstəricilərindən idi. Nobel qardaşlarının yaratdığı “Villa Petrolea” kimi yaşayış və sosial infrastruktur nümunələri də Bakıda sənaye kapitalının şəhər mədəniyyətinə, əməkçi insanın gündəlik həyatına və sosial rifahına təsirini göstərən əhəmiyyətli faktlardan sayılırdı.

Nabat xanımın xeyriyyəçilik fəaliyyəti yalnız böyük tikililər və ictimai layihələrlə məhdudlaşmırdı. Ailə yaddaşında onun evinin qapılarının ehtiyaclı insanlar üçün açıq olması, xüsusilə cümə günləri yoxsulların yeməklə təmin edilməsi, imkansız ailələrə pul, ərzaq, cehiz və toy xərcləri ilə yardım göstərilməsi barədə xatirələr qorunub saxlanmışdır. Bu, Aşurbəyovlar nəslində xeyriyyəçiliyin gündəlik həyat normasına çevrilmiş mənəvi öhdəlik kimi yaşadığını göstərir.

Nabat xanım Aşurbəyovanın fəaliyyəti Bakı maarifçiliyinin mühüm həqiqətini üzə çıxarır: milli inkişaf təkcə məktəb və kitabdan başlamır, həm də su kəmərindən, xəstəxanadan, hamamdan, yetimə verilən çörəkdən, istedadlı gəncə ayrılan təqaüddən, memara göstərilən etimaddan başlanır. Bu mənada Aşurbəyovlar nəslinin xeyriyyəçilik irsi sosial qayğını, maarifçiliyi, mədəni zövqü və milli məsuliyyəti birləşdirən bütöv bir dəyərlər sistemidir.

Məhz bu ailə-mədəni kodun müasir dövrdəki təcəssümlərindən biri Aşurbəyovlar nəslinin nümayəndəsi, pedaqoq, uzunillik müəllimlik fəaliyyəti ilə seçilən İradə Tağıyevadır. Onun pedaqoji fəaliyyəti tarixi xeyriyyəçilik ənənəsinin bugünkü mədəni-maarifçi davamı kimi qiymətləndirilə bilər. Əgər Nabat xanım Aşurbəyova öz dövründə məscid, xəstəxana, su kəməri, hamam və təqaüd vasitəsilə insan kapitalına xidmət edirdisə, İradə Tağıyeva həmin ənənəni musiqi təhsili, istedadlı uşaqların yetişdirilməsi, bədii zövqün formalaşdırılması və milli mədəni kapitalın artırılması müstəvisində davam etdirir.

İradə Tağıyeva Bakıda doğulmuş, 1971-ci ildə paralel şəkildə ümumtəhsil və ixtisaslaşmış musiqi təhsilinə başlamışdır. Orta məktəb təhsili ilə yanaşı, Şaroyev adına musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alması onun peşəkar kimi formalaşmasında həlledici rol oynamışdır. Bu iki təhsil xətti on bir il ərzində vahid intellektual və estetik inkişaf trayektoriyası yaratmışdır.

Onun fortepiano müəllimi, respublikanın əməkdar müəllimi Anna Şaroyeva idi. Bu fakt təsadüfi deyil. Georgi Şaroyevin rəhbərlik etdiyi fortepiano məktəbi vaxtilə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə Azərbaycanda professional piano təhsilinin bünövrəsinin qoyulması və inkişafı məqsədilə formalaşdırılmışdı. Beləliklə, İradə Tağıyevanın təhsili Azərbaycan musiqi mədəniyyətinin klassik akademik xətti ilə üzvi şəkildə bağlı olmuşdur.

Orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə İradə Tağıyeva hələ o vaxtı dahi öndər Heydər Əliyevin imzaladığı fərmanla VKSM MK-nın medalı ilə təltif edilmişdir. Musiqi məktəbini də fərqlənmə ilə başa vuran İradə xanım, respublika səviyyəli müsabiqələrdə uğurlar qazanmışdır. Bu mərhələ onun ali musiqi təhsilinə keçidinin məntiqi davamı olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasında İradə Tağıyeva xalq artisti, professor Elmira Nazirovanın sinfində təhsil almışdır. Təhsil müddətində o, yüksək akademik göstəricilər nümayiş etdirmiş, elmi-praktik konfranslarda, müsabiqələrdə iştirak etmiş, eyni zamanda ictimai fəaliyyətdə fəal mövqe nüməyiş etdirmişdir. Konservatoriyanı fərqlənmə diplomu ilə bitirməsi bu baxımdan onun peşəkar hazırlıq səviyyəsini təsdiqləmişdir.

Mədəniyyət Nazirliyinin göndərişi ilə Bülbül adına orta ixtisas musiqi məktəbinə təyinat alan İradə Tağıyeva burada 1987-ci ildən etibarən fasiləsiz pedaqoji fəaliyyət göstərir. Bu fakt onun artıq təxminən dörd onillik davam edən müəllimlik fəaliyyətinin institusional sabitliyini göstərir.

Bülbül adına məktəbdə İradə Tağıyeva həm müəllim kimi, həm də konsertmeyster və ictimai xadim kimi fəaliyyət göstərmişdir. Qısa müddətdə kollektiv daxilində nüfuz qazanaraq, o, müəllimlər komitəsinin katibi seçilmişdir. Daha sonra İradə xanım ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış xüsusi işçi qrupunun tərkibində fəaliyyətə cəlb olunmuşdur.

Bu qrupun fəaliyyəti regionlarda istedadlı, lakin sosial baxımdan həssas ailələrdən olan uşaqların aşkar edilməsi və onların Bakıda təhsil almaları üçün şərait yaradılmasını nəzərdə tuturdu. Yeddi il davam edən bu proqram çərçivəsində formalaşan insan kapitalı bu gün Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində – ifaçılıq, pedaqogika, idarəetmə səviyyəsində öz bəhrəsini vermişdir. Bu təcrübə sübut edir ki, musiqi təhsili həm də sosial ədalət mexanizmi kimi də çıxış edə bilər.

İradə Tağıyevanın pedaqoji fəaliyyəti bu gün konkret nəticələrlə ölçülür. 2022–2025-ci illər ərzində onun sinfində eyni vaxtda 10–12 beynəlxalq müsabiqə laureatının təhsil alması sistemli və məqsədyönlü işin göstəricisidir. Respublika və beynəlxalq müsabiqələrdə qazanılan Qran-prilər, Heydər Əliyev adına müsabiqələrin qalibləri bu pedaqoji məktəbin davamlılığını təsdiqləyir.

COP29-un açılış mərasimində çıxış etmiş Murad Nabizadə, Prezident təqaüdçüsü Kənan Məmmədzadə, beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edən digər şagirdlər İradə Tağıyevanın pedaqoji strategiyasının real nəticələridir. Xüsusilə Kənan Məmmədzadənin İtaliyada Heydər Əliyev Fondunun xətti ilə keçirilən kütləvi-mədəni  tədbirdə çıxışı milli mədəniyyətin beynəlxalq təqdimatı baxımından əlamətdar hadisə olmuşdur.

Bu yaxınlarda böyük uğurla Bakıda keçirilmiş WUF13 beynəlxalq tədbirinin açılış və bağlanış mərasimlərində çıxış edən Murad Nabizadə Azərbaycan muğamının dərin mənəvi gücünü və milli vokal sənətimizin yüksək peşəkarlıq səviyyəsini dünya auditoriyasına layiqincə təqdim etmişdir.

Qeyd etmək lazımdır ki, İradə Tağıyevanın pedaqoji yanaşmasının əsasını fundamental musiqi savadlılığı təşkil edir. Onun fikrincə, istər pianoçu, istər vokalist, istərsə də xalq çalğı alətləri üzrə ifaçı olsun, hər bir musiqiçi not mətnini oxumağı, üslub və formaya hörmət etməyi, intonasiya məsuliyyətini dərk etməlidir. Bu yanaşma Üzeyir bəy Hacıbəylinin musiqi maarifçiliyi konsepsiyası ilə səsləşir.

Eyni zamanda, onun pedaqoji fəaliyyətinin mərkəzində şagird şəxsiyyəti dayanır. Fərdi yanaşma, psixoloji dəstək, müəllim-şagird münasibətlərində etimad və davamlı ünsiyyət bu bədii-yaradıcılıq məktəbinin əsas xüsusiyyətləridir. Burada müəllim peşəkar və vətəndaş yetişdirən mentor funksiyasını daşıyır.

Beləliklə, İradə Tağıyevanın fəaliyyəti Azərbaycan musiqi təhsilinin davamlılıq prinsipinin canlı nümunəsidir. Onun pedaqoji yolu Şaroyev və Nazirova məktəblərini birləşdirərək, hazırda çalışdığı Bülbül adına Orta İxtisas musiqi məktəbinin institusional xəttini təşkil edir. Bu xətt həm fərdi uğurların, həm də ölkənin mədəni kapitalının sistemli şəkildə formalaşmasına xidmət edir.

Bu gün İradə Tağıyevanın yetirmələri beynəlxalq səhnələrə çıxmağa hazırlaşırlar. Onların hər bir uğurunda müəllimin uzunmüddətli, səbirli və məsuliyyətli əməyinin izi görünür. Bu fəaliyyət bir daha təsdiqləyir ki, mədəniyyət sahəsində real inkişaf fərdi istedadla yanaşı, onu formalaşdıran institusional pedaqoji məktəblərdən başlayır.

Və nəhayət, qeyd etmək vacibdir ki, İradə Tağıyevanın fəaliyyəti təkcə pedaqoji və bədii yaradıclıqla məhdudlaşmır, daha geniş mənada milli mədəni kapitalın formalaşmasına xidmət edir. Bu kontekstdə onun analıq missiyası xüsusi əhəmiyyət kəsb edir. Müasir şərəitdə pedaqoji, bədii yaradıcılıq və ailə missiyalarını eyni müvəffəqiyyətlə həyata keçirmək hər qadının bacardığı iş deyil. İradə xanım iki oğul yetişdirmişdir ki, onların peşə yolu – birinin peşəkar həkim, dünya kardiologiya məktəbini keçmiş bir mütəxəssis və kardiocərrah, digərinin beynəlxalq hüquq sahəsində yüksəkixtisaslı mütəxəssis kimi fəaliyyəti – Tağıyevlər ailəsində aşılanan dəyərlər sisteminin məntiqi nəticəsidir.

Bu fakt İradə Tağıyevanın təlim-tərbiyə modelinin ardıcıl və sistemli xarakter daşıdığını nümayiş etdirərək, onun pedaqoji prinsiplərinin ailə mühitində də eyni məzmunla davam etdirilməsinə dəlalət edir.

 

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA vitse-prezidenti

Mədəniyyət