Bu adda yenicə çapdan çıxmış kitab tanınmış şair Avdı Qoşqarın oxucularla 10-cu görüşüdür. Şeirlərindəki dərin ictimai-fəlsəfi məna müəllifin həyata, sənətə baxışından su içir.
İnsan və zaman, vətənpərvərlik duyğuları, sevgi motivləri Avdı Qoşqarın daha çox üz tutduğu mövzulardır. Onun qələmə aldığı bədii nümunələrdə duyğu və düşüncə təbəddülatları özünün gözəl poetik ifadəsini tapıb.
Getmək istədiyim yurd var, şəhər var,
Sinəmi göynədən dərd var, qəhər var,
Minmək istədiyim at var, yəhər var –
Təbrizdə, Dərbənddə, Qarayazıda...
Şair öz istedadı sayəsində görünməzliklər içində “görünəni” canlandıra, oxucunu fəlsəfi düşüncələrə dalmağa vadar edə bilir. Onun şeirlərində bu məqamlar hər an diridir, durudur, yaddaqalandır.
Ə.ƏLİYEV
XQ

