Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Alimlər Saxara səhrasında aşkar edilmiş "NWA 8171" adlı Mars meteoritində qranat (granal) dənəcikləri tapıblar. Bu tapıntı son dərəcə mühümdür, çünki qranat indiyə qədər Mars mənşəli süxurlarda heç vaxt rast gəlinməyən bir mineraldır. Tədqiqatçılar hazırda bu mineralın mənşəyi ilə bağlı iki əsas fərziyyə üzərində işləyirlər.
Yer kürəsində qranat adətən yüksək temperatur, dözülməz təzyiq və ya kəskin kimyəvi dəyişikliklər nəticəsində formalaşır. Marsda isə indiyə qədər bu cür şəraitin mövcudluğunu sübut edən izlərə rast gəlinməmişdi. İndi elm adamları bu suala cavab axtarırlar: Bu qranat Marsın özündə yarana bilərdimi, əgər yarandısa, bu necə və nə vaxt baş verib? Yoxsa o, başqa bir kosmik cisimlə Marsa gəlib və yalnız bundan sonra meteoritin tərkibinə qarışıb?
Sözügedən meteorit bazalt brekçiyasından – yəni maqmanın digər mineralların ətrafında soyuyaraq donması nəticəsində yaranan süxurdan ibarətdir. Qranat dənəcikləri geoloji proseslərin izlərini mükəmməl şəkildə qoruyub saxlamaq xüsusiyyətinə malikdir. Onların analizi vasitəsilə mineralın yarandığı mühitin temperaturu, təzyiqi və kimyəvi tərkibi barədə dəqiq məlumat əldə etmək mümkündür.
Ekspertlərin fikrincə, qranatın Marsda meydana gəlməsinə planetin səthinə güclü bir meteorit zərbəsinin enməsi və ya maqmanın qabığa doğru kəskin yüksəlişi səbəb ola bilərdi. Mineralın dəqiq mənşəyini ayırd etmək üçün tədqiqatçılar onun daxilindəki izotop nisbətlərini öyrənəcəklər. Əgər bu göstəricilər digər məlum Mars minerallarının izotopları ilə üst-üstə düşərsə, qranatın məhz Marsın öz daxili təkində formalaşdığı rəsmən təsdiqini tapacaq.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

