Orbitdə kosmik inqilab: "SpaceX" tarixdəki bütün peyklərin yarısından çoxunu buraxıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İlon Maskın kosmik şirkəti cəmi on il əvvəl qeyri-mümkün görünən tarixi bir zirvəyə imza atıb. Yeni statistik məlumatlara əsasən, şirkət orbitə dünya kosmonavtika tarixi boyu bütün digər ölkələrin, dövlət agentliklərinin və özəl təşkilatların birlikdə buraxdığı peyklərdən daha çox aparat çıxarıb. "Astranis Space Technologies" şirkətinin analitiki Kristian Keylin "Jonathan’s Space Report" bazası əsasında 12 iyun 2026-cı il tarixinə hazırladığı hesabat göstərir ki, "SpaceX" indiyədək kosmosa bütövlükdə 15 262 peyk göndərib. Müqayisə üçün: 1957-ci ildə kosmik eranın başlanğıcından bəri qalan bütün dünya tərəfindən orbitə çıxarılan ümumi aparat sayı 15 138 təşkil edir.

Bu rəqəmləri unikal edən əsas məqam zaman fərqidir. Qalan dünyanın göstəricisi təxminən 70 il ərzində toplandığı halda, "SpaceX" öz peyklərinin mütləq əksəriyyətini cəmi son 6 il ərzində fəzaya göndərib. Orbitə çıxarılan aparatların əsas hissəsini şirkətin kommersiya və dövlət layihələri olan "Starlink" və "Starshield" qlobal peyk rabitəsi şəbəkələri təşkil edir. Adi operatorlardan fərqli olaraq, "SpaceX" hər bir "Falcon 9" missiyası çərçivəsində orbitə eyni anda onlarla peyk ötürür və bu intensivlik sayəsində kosmos tarixində analoqu olmayan bir sürətlə böyüyür.

İnteqrasiya olunmuş qrafiklər sübut edir ki, onilliklər ərzində dünyada peyk sayı müntəzəm və yavaş templərlə artdığı halda, 2019-cu ildən etibarən "SpaceX"in qrafiki demək olar ki, şaquli şəkildə yüksəlib və bəşəriyyətin ümumi nəticəsini üstələyib. Şirkətin rəhbəri İlon Mask bu nailiyyəti şərh edərək yaxın gələcəkdə mütləq hökmranlığın bir neçə dəfə artacağını vurğulayıb: "Təxminən beş ildən sonra "SpaceX" peyklərinin sayı bütün dünyanın cəmindən 5 dəfə çox olacaq". Şirkətin hazırda sınaqdan keçirdiyi super-nəhəng "Starship" nəqliyyat sistemi tam gücü ilə işə düşdükdən sonra bu proqnozun reallığa çevrilməsi qaçılmaz hesab olunur.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı