Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İqlim böhranı bəşəriyyət üçün ən ciddi çağırışlardan birinə çevrilib. Son illərdə dünyanın müxtəlif bölgələrində müşahidə olunan rekord istilər, dağıdıcı daşqınlar, quraqlıqlar, meşə yanğınları və güclü qasırğalar qlobal istiləşmənin artıq gələcəyin deyil, bu günün reallığı olduğunu göstərir. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) son hesabatı isə vəziyyətin daha da narahatedici məcraya yönəldiyini ortaya qoyur.

Təşkilatın açıqladığı proqnozlara əsasən, 2026–2030-cu illər müşahidələr tarixində ən isti dövrlərdən biri olacaq. Hesabatda qeyd edilir ki, qarşıdakı beş il ərzində Yer kürəsində orta qlobal temperaturun sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə Selsi həddini aşmaq ehtimalı 91 faizdir. Bu göstərici alimlərin uzun illərdir xəbərdarlıq etdiyi təhlükəli ssenarinin artıq reallığa çevrilmək üzrə olduğunu göstərir.

Xatırladaq ki, 2015-ci ildə qəbul edilmiş Paris İqlim Sazişinin əsas məqsədi qlobal temperatur artımını 2 dərəcədən xeyli aşağı səviyyədə saxlamaq, mümkün qədər 1,5 dərəcə ilə məhdudlaşdırmaq idi. Lakin istixana qazlarının atmosferə buraxılması davam etdikcə bu məqsədə nail olmaq getdikcə çətinləşir. Son on il tarixdə qeydə alınmış ən isti onillik kimi qiymətləndirilir və hər yeni il əvvəlki rekordları yeniləyir.

Mütəxəssislərin fikrincə, 1,5 dərəcəlik həddin aşılması bir sıra ciddi nəticələrə səbəb olacaq. Dünyanın bir çox bölgələrində ekstremal istilər daha tez-tez və daha uzunmüddətli xarakter alacaq. Quraqlıq kənd təsərrüfatına ağır zərbə vuracaq, ərzaq təhlükəsizliyi problemləri dərinləşəcək. Buzlaqların sürətlə əriməsi və okean sularının istiləşməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq. Sahilyanı ərazilərdə yaşayan milyonlarla insan daşqın və köç təhlükəsi ilə üz-üzə qalacaq.

Artıq bu proseslərin təsirləri hiss olunur. Son illərdə Avropa, Asiya və Şimali Amerikada rekord temperatur göstəriciləri qeydə alınıb, müxtəlif ölkələrdə meşə yanğınları minlərlə hektar ərazini külə döndərib. Güclü yağışlar və daşqınlar isə həm insan itkilərinə, həm də milyardlarla dollar iqtisadi zərərə səbəb olub. Alimlər xəbərdarlıq edirlər ki, temperaturun daha da yüksəlməsi bu hadisələrin intensivliyini artıracaq.

İqlim dəyişikliyi yalnız ekoloji deyil, həm də iqtisadi və sosial problemdir. BMT-nin qiymətləndirmələrinə görə, təbii fəlakətlərin yaratdığı zərərlər hər il yüz milyardlarla dollarla ölçülür. Su ehtiyatlarının azalması, kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi və iqlim miqrasiyasının genişlənməsi bir çox ölkələr üçün yeni çağırışlar yaradır.

Mütəxəssislər hesab edirlər ki, vəziyyətin qarşısını almaq üçün istixana qazı emissiyalarının kəskin azaldılması, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi, meşələrin qorunması və dayanıqlı inkişaf siyasətinin gücləndirilməsi həyati əhəmiyyət daşıyır. Əks halda, gələcək nəsillər daha sərt iqlim şəraiti və daha böyük risklərlə üzləşəcəklər.

Nurəngiz Adilqızı
XQ

Sosial həyat