Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dağıstan Dövlət Universitetinin "Smart materials" laboratoriyasının tədqiqatçıları, kimya elmləri namizədi Fərid Orucovun rəhbərliyi ilə suyun təmizlənməsi üçün unikal məsaməli kompozit membranlar hazırlayıblar. Floropolimer və barium-heksasferit nanohissəciklərindən ibarət olan bu material, üzvi çirkləndiriciləri sadəcə özündə saxlamır, onlarla birbaşa təmasda olmadan – ultrasəs və ya dəyişən maqnit sahəsinin köməyi ilə tamamilə parçalayır. Tədqiqatın nəticələri nüfuzlu "Materials Today Catalysis" jurnalında dərc olunub.
Bu membranın əsas üstünlüyü onun işıq və ya birbaşa kimyəvi təmas olmadan aktivləşməsidir. Ultrasəs dalğalarının təsiri altında material daxilində piezokataliz hadisəsi baş verir: membran güclü oksidləşdirici olan hidroksil radikalları generasiya edir və bu radikallar toksik maddələri zərərsiz komponentlərə ayırır. Bu üsulla suyun cəmi 60 dəqiqə ərzində 96%-ə qədər təmizlənməsinə nail olunur.
Bundan əlavə, alimlər dünyada ilk dəfə olaraq bu membranlar üzərində maqnit-induksiyalı piezokataliz effektini nümayiş etdiriblər. Cəmi bir neçə hers tezlikli aşağı tezlikli dəyişən maqnit sahəsi membran daxilindəki hissəciklərin mikro-deformasiyasına səbəb olur. Bu mexaniki gərginlik polimer matrisaya ötürülür və daxili elektrik sahələri yaradır. Nəticədə, heç bir mürəkkəb yüksək tezlikli sistemə ehtiyac qalmadan, təmassız şəkildə oksidləşmə-reduksiya prosesləri işə düşür. Bu innovativ metodun effektivliyi isə 81% təşkil edir.
Yüksək mexaniki dayanıqlığa malik olan bu membranlar öz xüsusiyyətlərini itirmədən çoxsaylı filtrasiya dövrlərinə tab gətirirlər. Yeni texnologiya gələcəkdə sənaye tullantı sularının təmizlənməsi üçün yığcam filtrlərin, uzaqdan idarə olunan avtonom su təmizləmə sistemlərinin və yeni nəsil piezoelektrik generatorların yaradılmasında əsas rol oynaya bilər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

