Alimlər yeni "iqlim tələsi" barədə xəbərdarlıq edirlər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq alimlər qrupu planetimizin sürətlə qızmasına rəvac verən və Asiyanın yüksək dağlıq nahiyələrində gizlənən yeni, ciddi qlobal təhlükə aşkar ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, regional temperaturların sürətlə yüksəlməsi Tibet yaylasındakı çoxillik donuqluq qatlarında (illərlə əriməyən donmuş torpaq laylarında) minilliklər boyu həbs daxilində qalan nəhəng qədim karbon ehtiyatlarının atmosferə sərbəst buraxılmasına səbəb olur. Bu donmuş qrunt layları əsrlər boyu nəhəng həcmdə qədim üzvi maddələr üçün etibarlı təbii anbar rolunu oynayıb. Uzun müddət ekoloqların diqqət mərkəzində yalnız Alyaska və ya Sibirin şimal rayonları kimi yüksək enliklərdə yerləşən ərazilər olsa da, son araşdırmalar diqqəti başqa bir nöqtəyə yönəldib. Belə ki, Arktika və Antarktidadan kənarda planetin ən böyük şirin su buzu ehtiyatlarına ev sahibliyi etdiyi üçün "Yer kürəsinin üçüncü qütbü" adlandırılan Tibet yaylası əslində kolossal miqdarda dondurulmuş karbon ehtiyatına malikdir. Məlum olub ki, yüksək dağlıq ərazilərdəki donuqluq qatları qlobal istiləşmə qarşısında son dərəcə həssasdır, halbuki mütəxəssislər uzun müddət bu təhlükənin miqyasını layiqincə qiymətləndirməyiblər.

Çin Elmlər Akademiyasının professoru Tszinçji Dinin rəhbərlik etdiyi elmi komandanın "Nature Communications" jurnalı üçün hazırladığı araşdırmada, kosmik proseslərin təsiri olmadan öz-özünü gücləndirən xüsusi "müsbət əks-əlaqəli iqlim dövrəsi" mexanizmi ətraflı şəkildə təsvir olunub. Əriyən torpaqdan ayrılan əlavə karbon qazı istixana effektini qaçılmaz olaraq daha da artırır. Atmosferdə qazların konsentrasiyasının çoxalması yerətrafı hava təbəqəsinin qızmasını sürətləndirir – bu isə donmuş torpağın daha da sürətlə əriməsinə və qədim bitki, eləcə də canlı qalıqlarının parçalanması nəticəsində yaranan karbon qazının ($CO_2$) yeni, daha böyük dalğalarla atmosferə atılmasına yol açır. Eksperiment zamanı tədqiqatçılar fərqli istiləşmə dərəcələrinin torpağın "nəfəs almasına", fotosintez prosesinə və qədim karbonun donluqdan ayrılmasına necə təsir etdiyini incələyiblər. Nəticədə, onlar Selsi şkalası ilə 2 dərəcədən 4 dərəcəyədək olan diapazonda çox mühüm böhran astanası effrekti müəyyən ediblər. İstiləşmə 4 dərəcəni keçdikdə bu effekt laboratoriya şəraitində daha qabarıq xarakter alır: yerli ekosistem gücləndirilmiş karbon qazı mənbəyinə çevrilir və torpaqda qədim üzvi maddələrin parçalanması prosesi dominantlıq təşkil edərək atmosferə kütləvi $CO_2$ emissiyası ilə nəticələnir.

Min illər boyu izolyasiya olunmuş vəziyyətdə qalan qədim karbonun bu cür qəfil azad olması alimləri mövcud qlobal iqlim proqnozlarına yenidən baxmağa vadar edir. Planetar istilik paylanması modellərində qazların dərinlikdəki hərəkət prosesləri və qədim üzvi maddələrin hərəkətə keçməsi indiyədək zəif nəzərə alınırdı. Alimlərin qənaətinə görə, bu gizli qlobal proseslərin ümumi iqlim modellərinə daxil edilməsi planetin ən həssas regionları üçün təhlükəli istiləşmə həddini qat-qat böyük dəqiqliklə proqnozlaşdırmağa kömək edəcək.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Elm