İsveç parlamenti iyunun 15-də ölkə hakimiyyətinə immiqrantların yaşayış icazələrini ləğv etməyə imkan verən qanun qəbul edib. "Reuters" agentliyinin məlumatına görə, qeyri-məqbul davranış, ödənilməmiş borcların olması, bəyan edilmədən (leqallaşdırılmadan) işləmək və ya ekstremist təşkilatlarla əlaqələr bunun üçün əsas ola bilər. Miqrantların ölkədən çıxarılma barədə qərardan İsveç Miqrasiya Məhkəməsinə şikayət etmək hüququ var.
Qanun bütün miqrantlara, o cümlədən yaşayış icazəsini sənəd qəbul edilənə qədər almış şəxslərə də şamil olunur. Bu təşəbbüsü miqrasiya naziri Yohan Forssell irəli sürüb. O qeyd edib ki, "düzgün davranmaq üçün səy göstərməyən kəs ölkədə qalacağına ümid etməməlidir". "Reuters" dəqiqləşdirir ki, bu təşəbbüs İsveç hökuməti və onu dəstəkləyən millətçi "İsveç Demokratları" partiyası tərəfindən tətbiq edilən immiqrasiya qaydalarının ümumi sərtləşdirilməsinin bir hissəsidir.
Qanun müxalifət və hüquq müdafiə qrupları tərəfindən tənqidə məruz qalıb, çünki yaşayış icazəsinin ləğvi barədə qərarlar cinayət məsuliyyəti yaratmayan əməllər əsasında da qəbul edilə bilər. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu, qanunun aliliyini və qanun qarşısında bərabərlik prinsipini sarsıdır.
S.ELAY
XQ

