“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 563 nömrəli Fərmanının 2.3.3-cü və 2.3.7-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 12 ” “ iyun ” 2026-cı il
№ 180

