Astanada Türk Akademiyası, Türk Dilçilik Birliyi ilə əməkdaşlıq çərçivəsində Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası keçirilib.
İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan Komissiya üzvləri, eləcə də Türk Akademiyasının müşahidəçi ölkələrindən olan və bu dövlətlərdə dil siyasətinə cavabdeh rəsmi qurumları təmsil edən üzvlər iştirak ediblər.
Komissiya 2022-ci ildə Türk Akademiyası çərçivəsində, Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə yaradılıb. 11 sentyabr 2024-cü ildə Bakıda keçirilən üçüncü iclasda 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul edilib.
İclası açan Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev qeyd edib ki, ötən müddət ərzində akademik ictimaiyyətdə, təhsil müəssisələrində və ictimai sahədə Ortaq Türk Əlifbasına marağın xeyli artdığı müşahidə olunub.
Ş.Mustafayev deyib: “Hazırkı mərhələdə onun istifadəsinə vahid yanaşmaların razılaşdırılması və praktik tətbiqinin əsas prinsiplərinin yekunlaşdırılması xüsusilə aktuallaşıb. Ortaq Türk Əlifbasının populyarlaşdırılması üçün Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə Abayın qazax dilində “Qara Sözder” kitabı və Çingiz Aytmatovun qırğız dilində “Aq Kəmə” əsəri ilk dəfə olaraq nəşr olunub”.
Görüşün əsas mövzusu türk dilləri üçün Ortaq Türk Əlifbasının tətbiqi ilə bağlı tövsiyələrin müzakirəsi, eləcə də onun praktik tətbiqi prinsipləri və mexanizmləri barədə razılaşma olub.
Vurğulanıb ki, Türk Akademiyası hazırlanmış qaydaları müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndərəcək. Lakin onların tətbiqi məsələləri hər bir dövlətin orqanlarının səlahiyyətində qalır və onların milli qanunvericiliyə uyğun olaraq nəzərdən keçirilir. Görüşün yekununda Ortaq Türk Əlifbasının daha da geniş tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb.
Əsas qərarlardan biri onun istifadəsi üçün Təlimatların, eləcə də Ortaq Türk Əlifbası əsasında hazırlanmış Qazaxıstan və Qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiq edilməsi idi.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Astana

