Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Keçən həftə kosmosa buraxılan Çinin kommersiya təyinatlı raketinin yuxarı pilləsi Yerətrafı orbitin ən sıx və aktiv hissəsində parçalanaraq ətrafa saysız-hesabsız qalıqlar yayıb. Qəzanın baş verdiyi həmin strateji zona birbaşa Beynəlxalq Kosmik Stansiyanın (BKS) və İlon Maskın nəhəng "Starlink" peyk şəbəkəsinin yerləşdiyi trayektoriya ilə kəsişir. İnsident iyunun 9-da "Zhuque-2E" raketinin mobil cihazlar üçün birbaşa peyk rabitəsini təmin edən iki rabitə peykini orbitə uğurla çıxarmasından dərhal sonra qeydə alınıb. İlkin ehtimallara görə, dağılma prosesi məhz raketin yuxarı pilləsinin orbitdən çıxmaq üçün xüsusi manevr etməyə başladığı kritik saniyələrdə baş verib.
ABŞ Kosmik Qüvvələri kosmik obyektlərin monitorinqi üzrə rəsmi portalında xüsusi bildiriş yayaraq bu dağılma faktını rəsmən təsdiqləyib. Kosmik mühitin izlənilməsi ilə məşğul olan "LeoLabs" şirkətinin aparıcı mütəxəssisi Darren Maknaytın qiymətləndirməsinə görə, bu kosmik qəza nəticəsində ətrafa minimum 100-150 arası təhlükəli qəlpə yayılıb. Çinin "LandSpace" şirkəti tərəfindən hazırlanan raketin həmin yuxarı pilləsinin uzunluğu təxminən 8 metr, diametri isə 3,35 metr təşkil edirdi. Parçalanmadan sonra raketin əsas gövdəsi 335-424 kilometr hündürlükdə və 54,5 dərəcə meyllilikdə olan orbitdə qalmaqda davam edir.
Bu orbit öz ən yüksək nöqtəsində birbaşa BKS-in hərəkət xətti ilə kəsişir. Lakin mütəxəssislər sakitləşdirici bir məqamı da qeyd edirlər: atmosferin təbii tormozlama qüvvəsi bu xırda qalıqların uçuş hündürlüyünü sürətlə aşağı salacaq, buna görə də kosmik stansiya üçün hazırda birbaşa və kəskin bir təhlükə müşahidə olunmur. Hazırda ən böyük və real risk yüzlərlə "Starlink" peyki üçün keçərlidir. Xüsusilə mobil telefonlarla birbaşa əlaqə yaradan yeni peyklər, habelə işçi hündürlüyünə doğru yeni qalxmağa başlayan aparatlar bu qəlpələr qarşısında daha müdafiəsiz və həssas durumdadırlar.
Xoşbəxtlikdən, qəzaya uğrayan raket pilləsinin orbiti kifayət qədər aşağı səviyyədədir. Atmosfer qatının güclü sürtünmə təsiri sayəsində qalıqların böyük hissəsi cəmi bir neçə ay ərzində sıx təbəqələrə daxil olaraq tamamilə yanacaq. Mütəxəssislərin fikrincə, bu növ insidentlər 650 kilometrdən yüksək hündürlüklərdə baş verdikdə əsl qlobal fəlakətə çevrilir. Çünki həmin yüksəkliklərdə kosmik zibillər onilliklər, hətta əsrlər boyu orbitdə qalaraq bütün gələcək kosmik missiyaları iflic edə bilir. "Zhuque-2E" ilə yaşanan bu son hadisə qlobal kosmos sənayesində durmadan böyüyən kosmik zibil probleminin növbəti qorxulu xəbərdarlığı olub.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

