Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
May ayında dünya miqyasında satılan elektrikli nəqliyyat vasitələrinin sayı illik müqayisədə 3 faiz artaraq 1,8 milyona çatıb. May ayı üçün elektrikli nəqliyyat vasitələrinin satışı üzrə bu məlumatı Londondakı “Benchmark Mineral Intelligence” şirkəti açıqlayıb.
Bu satış həcmi illik müqayisədə 3 faiz, aylıq müqayisədə isə 7 faiz artım deməkdir. Yanvar-may dövründə elektrikli nəqliyyat vasitələrinin satışları 7,5 milyona çatdı. Bu dövrdə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Avropada elektrikli nəqliyyat vasitələrinin satışları may ayında da artmağa davam edib. Ötən ay qitədə satışlar illik müqayisədə 23 faiz artaraq 420.000-ə çatıb. Bölgədə elektrikli nəqliyyat vasitələrinin satışı yanvar-may ayları arasında 26 faiz artaraq 2 milyona çatıb. Yaxın Şərqdəki müharibə səbəbindən yanacaq qiymətlərinin artmasından sonra Avropa istehlakçıları elektrikli nəqliyyat vasitələrinə üz tutmağa davam edir və qitədə tətbiq olunan müxtəlif təşviqlər də satışları dəstəkləyir.
Dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri bazarı olan Çində may ayında elektrikli nəqliyyat vasitələrinin satışları illik müqayisədə 9 faiz azalaraq 990.000-ə düşüb. Yanvar-may dövründə satışlar da 15 faiz azalaraq 3,2 milyona düşüb.
Şimali Amerikada may ayında 120.000 elektrikli nəqliyyat vasitəsi satılıb ki, bu da 26 faiz azalma deməkdir. Yanvar-may ayları arasında regionda satışlar illik müqayisədə 25 faiz azalaraq 580.000-ə düşüb. Satışların azalmasına xüsusilə ABŞ-da elektrikli nəqliyyat vasitələrinə stimulların aradan qaldırılması təsir göstərir.
Dünyanın qalan hissəsində may ayında elektrikli nəqliyyat vasitələrinin satışları 80 faiz artaraq 250.000-ə çatıb.
BYD, Chery və Geely şirkətləri tərəfindən beynəlxalq səviyyədə liderlik edilən ixrac rekord səviyyələrə çatmağa davam edir. Çinin daxili zəifliyi ilə ixrac gücü arasındakı fərq artmaqda davam edir. Şimali Amerikada satışlar ilin əvvəlindən bəri 25 faiz azalıb, lakin Kanadanın Çinlə yeni imzaladığı tarif kvotası müqaviləsi yeni rəqabətə qapı açmağa başlayır. Ümumilikdə, regional fərqlər, Çinin ixrac yönümlü transformasiyasının sürətlənməsi və dəyişən siyasət mühiti qlobal elektrikli nəqliyyat vasitələri bazarını formalaşdırmağa davam edir”.
M.MİRZƏ
XQ

