Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeyin “Rəqəmsal arxivləşdirmə, mədəniyyət irsinin tədqiqi və mənbəşünaslıq” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Aida Qasımova “Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı: İrfani-dünyəvi yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Aida Qasımova bildirib ki, müsəlman dünyasında hər dövrdə katiblik sənəti uca tutulmuş, yazı, kitabların üzünün köçürülməsi və tərtibatı mürəkkəb bir peşə kimi çeşidli fəaliyyəti əhatə edib. Katib, nasix, nəssax, varraq, nəqqaş, xəttat, mühərrir kimi ifadələr mənbələrdə bu sənətlə bağlı işlənir. Qeyd olunub ki, katibin əxlaqi məziyyətləri, öz sənətinə bağlılığı mühüm sayılırdı.
Məruzəçi mövzunu dini-irfani istiqamətdə də şərh edərək bildirib ki, müqəddəs Qurani-Kərim katiblik sənətinə işarə edərək həm dünyəvi, real katiblərdən, həm də insan əməllərini yazıb qeydə alan katib mələklərdən bəhs edir.
Bundan başqa, vurğulanıb ki, klassik poeziyada həm katiblik, həm də yazı ləvazimatı ilə bağlı çoxsayll poetik səhnələr yaradılmışdır. Böyük ustad Məhəmməd Füzulnin “Yazmışlar” rədifli qəzəli buna parlaq nümunədir.
Elmi seminar məşğələsində muzey əməkdaşlarının sual və çıxışları da səsləndirilib.
Muzeyin “Rəqəmsallaşdırma, əlyazmaların tədqiqi və nəşr resursları” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, “Virtual təqdimatlar, məktəblərlə və ictimaiyyətlə iş” şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəcibə Bağırzadə, “Doktorantura, elmi inkişaf və süni intellekt inteqrasiyası” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Dəmirova, elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Rəhilə Sadıqova, elmi işçi Munisə İsmayılova və digərləri mövzu ətrafında müzakirələr aparıblar.
Qabil YUSİFOĞLU
XQ

