Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Almaniya İqtisadiyyat İnstitutunun (IW) araşdırmasına görə, “Bebbi Bumer” nəsli təqaüd yaşına çatdıqca Almaniyanın 2036-cı ilə qədər 4,3 milyon işçi qüvvəsi çatışmazlığı ilə üzləşəcəyi təxmin edilir.
İqtisadiyyat İnstitutu (IW) “Bebbi Bumer nəsli təqaüd yaşına çatır” adlı tədqiqatının nəticələrini dərc edib.Tədqiqat göstərir ki, qarşıdakı illərdə işçi qüvvəsinə daxil olan gənc əhali təqaüdə çıxan yaşlı əhalinin ehtiyaclarını ödəməkdən çox uzaqdır və ölkəni ciddi əmək böhranı ilə üz-üzə qoyur. IW-nin hazırkı əhali proqnozlarına görə, yüksək doğum nisbətinə malik olan “Bebi Bumer” nəslinin (1946-1964) son üzvlərinin təqaüd yaşına çatacağı 2036-cı ilə qədər əmək qabiliyyətli əhali təxminən 4,3 milyon nəfər azalacaq.
Bu, Almaniya əmək bazarının əvvəllər proqnozlaşdırılandan daha çox zərbə alacağını göstərir. Cəmi iki il əvvəl IW bu kəsirin 3 milyon olacağını proqnozlaşdırmışdı. Daha pessimist proqnozların əsas səbəbi ölkə əhalisinin gözləniləndən daha tez azalmağa başlamasıdır. 1946-1964-cü illər arasında Almaniyada doğulan və “Bebiki Bumerlər” kimi tanınan əhalinin sayı təxminən 20 milyon nəfərdir. Bu əhalinin təxminən 5 milyonunun yaşı 67-dən yuxarıdır. Qalanlarının isə 2036-cı ilə qədər tədricən təqaüdə çıxacağı gözlənilir. Bunun əksinə olaraq, hər il əmək bazarına yalnız 800.000 gənc işçi daxil olur.
Bu balanssızlıq o deməkdir ki, bazar hər il yarım milyon xalis potensial işçisini itirir. Nəticədə 2036-cı ilə qədər potensial işçi qüvvəsi 7 faiz azalaraq təxminən 51 milyona çatacaq.
IW 2024-cü il hesabatında Almaniya əhalisinin 2040-cı ilə qədər 85 milyona çatacağını proqnozlaşdırmışdı. Lakin mövcud məlumatlar göstərir ki, əhali artıq azalır. Uzun illərdən sonra ilk dəfə ölkə əhalisi 2025-ci ildə 100.000 nəfər azalıb. 2040-cı ilə qədər ümumi əhalinin 82 milyondan aşağı düşəcəyi təxmin edilir. Bu azalmanın əsas səbəbi ölüm nisbətlərinin doğum nisbətlərini çox üstələməsi və illik təbii əhali kəsirinin son zamanlar 350.000-ə çatmasıdır. Əvvəlki illərdə bu boşluğu bağlayan miqrasiya dalğası da son zamanlar xeyli yavaşıyıb.
M.MİRZƏ
XQ

