Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Ağcəbədi, Ağdam, Bərdə və Tərtər rayonları bu 22 rayonun siyahısına daxildir. Bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib ki, Fizuli rayonu da bu siyahıya daxildir. Persepktiv rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər hesabına suvarma suyu təminatının yaxşılaşdırılması və ixtisaslaşma üzrə buğda məhsuldarlığının artırılması hədəflənir.

XQ xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.

“Buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir”, - deyə o əlavə edib.

Sosial həyat