NASA-nın yeni Ay avtomobili "Pegasus" təqdim edildi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA Ayın cənub qütbündə yüzlərlə kvadrat kilometrlik ərazini əhatə edəcək daimi insan məskəni yaratmaq üçün hazırlıqları sürətləndirib. Bu geniş sahədə astronavtların hərəkətliliyini təmin etmək məqsədilə "Lunar Outpost" şirkəti tərəfindən yeni nəsil "Pegasus" Ay nəqliyyat vasitəsi (LTV) hazırlanıb. "Artemis" proqramının ilk astronavtları ilə birlikdə kosmosa göndəriləcək bu aparat tam avtonom, astronavtın idarəetməsi ilə və ya birbaşa Yerdən gələn əmrlərlə hərəkət edə biləcək.

"Lunar Outpost" şirkətinin texniki direktoru Ey Cey Cemer bildirib ki, "Pegasus" bəşəriyyətin Ay səthindəki fəaliyyət radiusunu "Apollon" dövründə qeyri-mümkün sayılan səviyyəyə çatdıracaq. Əfsanəvi "Apollon" roverləri (LRV) üç ekspedisiya müddətində cəmi 90,4 kilometr yol qət etdiyi halda, "Pegasus" ən azı bir il istismar olunacaq və onlardan 100 dəfə çox məsafə qət edə biləcək. Bu sıçrayışa kosmik aparatın həm avtonom hərəkət zamanı, həm də insan idarəetməsində fasiləsiz işləyən xüsusi termorequlyasiya (istilik tənzimləmə) sistemi sayəsində nail olunub.

Bu mükəmməl müdafiə sistemi Ayın cənub qütbündəki ekstremal temperatur fərqlərinə dözmək üçün həyatı əhəmiyyət daşıyır. Ayın günəş görən hissələrində isti 121 °C-yə çatdığı halda, "Pegasus"un araşdıracağı daimi kölgəli kraterlərin daxilində şaxta mənfi 246 °C-dən aşağı düşür. Həmin qaranlıq kraterlərdə böyük su buzu ehtiyatlarının olduğu ehtimal edilir. Bu buz gələcək Ay bazalarını su ilə təmin etməklə yanaşı, raket yanacağı üçün hidrogen və oksigen mənbəyinə çevriləcək ki, bu da kosmik dövlətlərin bölgəyə olan marağını kəskin artırır.

Müqavilənin şərtlərinə əsasən, "Lunar Outpost" şirkəti tam sertifikatlaşdırılmış "Pegasus" roverini 2027-ci ilin noyabrınadək NASA-ya təhvil verməlidir. Hər hansı qrafik gecikməsi baş verməsə, yeni nəsil kosmik avtomobil Ayın cənub qütbünə "Blue Origin" şirkətinə məxsus "Blue Moon Mark 1" eniş modulu vasitəsilə çatdırılacaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya